“Cinayətin təşkilatçısı yeznəm və dostum olub”
Şəki Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələri əkib-becərməkdə təqsirli bilinən Balakən rayon sakini, 1984-cü il təvəllüdlü Şaban Elayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Şaban Elayev 2013-cü ilin may ayında Balakən rayonunun Şərif kəndində yaşadığı evin həyətyanı torpaq sahəsində, daha dəqiqi, evin arxa hissəsindəki qarğıdalı sahəsidə narkotik tərkibli bitkilər əkib. Şaban orada 91 ədəd çətənə kolu yetişdirib.
26 iyun 2013-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Balakən rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən həmin ərazidə əməliyyat keçirilib. Polis orada becərilən narkotik bitkiləri aşkarlayıb.
“Qorxuya düşdüm”
Şaban Elayev Cinayət Məcəlləsinin 237.2.3-cü (qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə ittiham edilib. Hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Şaban Elayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, heç bir zaman narkotik vasitədən istifadə etməyib: “Lakin spirtli içki aludəçisi olmuşam. Ailəmi dolandırmaq üçün Bakı şəhərində fərdi əməklə məşğul olmuşam. Əlimdən aldığım xəsarətə görə bir ay xəstəxanada yatmışam, xəstəxanadan çıxdıqdan sonra isə yeznəm Vəkil Orucov, dostum Ramiz Bayramov və tanımadığım daha iki nəfər məni ziyarətə gəlib. Onlar yaşadığım evin həyətyanı ərazisində narkotik bitki əkmək istədiklərini bildirdilər. Buna razılıq vermədim. Lakin onlar içki aludəçisi olmağımdan istifadə edərək, yemək yeyərkən mənə narahat olmamağı, hər şeyi özləri edəcəklərini, heç bir problemin olmayacağını bildirdilər və yaşadığım evin həyətyanı sahəsində narkotik bitki əkib - becərməyə başladılar. Bir dəfə həyətyanı sahəni gəzərkən, oranın tamamilə narkotik bitki ilə əhatə olunduğunu gördüm və qorxuya düşdüm. Buna görə də həmin kolları qırmağa başladım. Lakin yeznəm Vəkil Orucov, dostum Ramiz Bayramov buna mane oldular”.
“Yeznəm və dostum tərəfindən aldadılmışam”
Təqsirləndirilən şəxsin sözlərinə görə, iyunun 26-da polis əməkdaşları həyətində narkotik bitkiləri aşkar edib və onu həbs edərək polis şöbəsinə aparıblar: “Halbuki, bu cinayətin təşkilatçısı yeznəm, dostum olub. Mən yeznəm və dostum tərəfindən aldadılmışam. Vəkil Orucov və Ramiz Bayramov bildirdilər ki, əgər sən cinayəti boynuna götürsən, heç bir cəza almayacaqsan, biz sənə köməklik edəcəyik, əks təqdirdə bizi həbs edərlərsə, o zaman torpaq sahibi kimi ananı da cinayət məsuliyyətinə cəlb edəcəklər. Savadsız olduğum üçün bu sözlərə inandım və cinayəti təkbaşına törətdiyimi bildirdim”.
“91 ədəd narkotik bitkisi yetişdirdim”
Şaban Elayev ibtidai istintaq zamanı isə fərqli ifadə verərək narkotik tərkibli bitkiləri özü əkib-becərdiyini etiraf edib: “2012-ci ilin payız ayında kəndimizin kənarında olan meşə zolağında yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərinin toxumlarını yığaraq evə gətirdim. Həmin toxumları evin həyətyanı torpaq sahəsində əkmək fikrinə düşdüm. 2013-cü ilin mayında həmin toxumları yaşadığım evin arxasındakı qarğıdalı cərgələrinin ortasında əkdim. Həmin toxumlardan çətənə bitkiləri cücərdikdən sonra diblərinə bir neçə dəfə gübrə verdim. Orada əkdiyim toxumlardan 91 ədəd narkotik bitkisi yetişdirdim. Sonradan əkdiyim bitkilərin diblərinə ağac basdıraraq iplə onları gövdəsindən ağaca bağladım. Bundan başqa orada gecələmək üçün özümə yer düzəltmişəm və kənar şəxslərin gəlməsindən xəbərim olması üçün həmin yerə it bağlamışam. İyunun 26-da polis əməkdaşları gələrək yaşadığım evin həyətyanı torpaq sahəsinə özümün iştirakı ilə baxış keçirdilər və evin arxasında əkdiyim 91 ədəd narkotik tərkibli çətənə kollarını özümün, hal şahidlərinin iştirakı ilə aşkar etdilər. Həmin bitkiləri sakitləşdirici dərman hazırlayaraq, özüm istifadə etmək məqsədi ilə əkib-becərmişəm. Baxış zamanı əkib-becərdiyim 91 ədəd çətənə bitkisi hal şahidlərinin iştirakı ilə qablaşdırıldı. Bununla bağlı protokol tərtib olundu, Həmin protokolu imzalamışam”.
Məhkəmənin hökmü ilə Şaban Elayev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov