Sosial şəbəkədə tanış olduğu türkiyəli qızla cinsi əlaqəyə girən 26 yaşlı azərbaycanlı Əhməd Quliyevə 25 il həbs cəzası istənilib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 14 yaşlı N.D. və Əhməd təxminən bir il əvvəl tanış olublar. Əhməd qızla görüşmək üçün 2 dəfə Adanaya gəlib. Bu iki görüşdə cütlük arasında hər hansı bir cinsi əlaqə olmayıb. Qız ailəsinə oğlanla evlənmək istədiyini deyib. Ailə isə evliliyə razılıq verməyib.
Bu ilin iyul ayında onlar yenidən görüşmək üçün razılaşıblar. N.D. ailəsindən xalasının yanına getmək üçün icazə istəyib. Vəziyyətdən şübhələnməyən ailəsi qıza icazə verib. Oteldə görüşən N.D ilə Əhməd qızın ailəsinin evliliyə razılıq verməsi üçün 2 dəfə cinsi əlaqədə olublar.
N.D. vəziyyəti xalasına danışıb. Baş verənləri öyrənən ana qızını Adanaya çağırıb. Ailə polisə şikayət edib. Əhməd Quliyev polis tərəfindən həbs edilib. 14 yaşlı N.D. polisə verdiyi ifadəsində təcavüzə məruz qalmadığını, öz arzusu ilə cinsi əlaqəyə girdiyini söyləyib.
Faktla bağlı cinayət işini tamamlayan prokuror iddianaməni hazırlayıb. Ə.Quliyevə azyaşlıya cinsi təcavüz ittihamı ilə 25 ilə qədər həbs cəzası tələb edilib. Əhməd Quliyev yaxın günlərdə hakim qarşısına çıxacaq.
Rüstəm