Sumqayıt Apelyasiya Məhkəməsində kirayədə yaşadığı evin sahibini bıçaqlamaqda təqsirli bilinən Xaçmaz rayon sakini, 1947-ci il təvəllüdlü Yarəhməd Sultanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hadisə 2014-cü ilin fevralın 2-də, axşam saat 21.00-da baş verib. Hadisə Xudat şəhər Rəşid Behbudov küçəsi, ev 2 ünvanında qeydə alınıb. Evin sahibi, 44 yaşlı Rafiq Mundaliyevə öz evində kirayədə yaşayan Yarəhməd Sultanov 1 bıçaq xəsarəti yetirib. O, dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralıya döş qəfəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Ev sahibi ilə kirayəşin yeyib-içiblər. İçki məclisindən sonra sərxoş olan Yarəhməd ünvansız söyülər söyüb. Bu zaman Rafiq Mundaliyev bildirib ki, evdə ailə üzvləri var, söyüş söyməsin. Bu zaman sərxoş olan Yarəhməd bıçağa əl atıb.
Yarəhməd Sultanov Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yarəhməd Sultanov 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Yarəhməd Sultanov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən Yarəhməd Sultanov bildirib ki, məhkəmə onun yaşının çox olmasını, asma və şəkər xəstələliklərindən əziyyət çəkməsini, 2-ci qrup əlil olmasını nəzərə almayıb. O, qeyd edib ki, birinci instansiya məhkəməsi barəsində ağır cəza təyin edib. Tərəfləri dinləyən hakim heyəti Yarəhməd Sultanovun cəzasını 1 il 6 aya endirib.
Hacı Zeynalov