30 May 2014 11:45
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Nərimanov rayon Məhkəməsində özlərini Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edən Niyazi Məmmədov, Rüstəm Rüstəmov və Sənan Ağayevin cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com-un xəbərinə görə, “Kölgəli İqtisadiyyat və Korrupsiya” və “İqtisadiyyat və Kölgə” qəzetlərinin “müxbirləri” vəsiqəsini əldə etmiş Niyazi Məmmədov, Rüstəm Rüstəmov və Sənan Ağayevin qabaqcadan əlbir olub cinayət əlaqəsinə giriblər.

Onlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin nüfuzuna xələl gətirən hərəkətlərə yol verərək özlərini həmin idarənin əməkdaşları kimi təqdim ediblər və paytaxtın Xətai rayonunda fəaliyyət göstərən Sağlamlıq Mərkəzinin nəzarətçisi Emil Hüseynovdan mərkəzin fəaliyyətinin dayandırılmaması müqabilində 500 manat məbləğində pul tələb ediblər. Həmin vəsaitin 200 manatını qabaqcadan alarkən cinayət başında yaxalanıblar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunurlar. Prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər. Onlar özlərini təqsirli bilməyiblər.

Hacı Zeynalov


Müəllif: