Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Taliban” hərəkatının tərkibində döyüşlərdə iştirak etməkdə təqsirli bilinən Azərbaycan vətəndaşı Hafiz Ramizzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Hafiz Ramizzadə Pakistan İslam Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak edib.
Belə ki, Hafiz Ramizzadə 2007-2012-ci illərdə Pakistanın Vəziristan vilayətində “Təhriki Taliban” adlı qanunsuz silahlı birləşmənin tabeliyindəki «Tayfatul Mansura» adlı silahlı dəstənin fəaliyyətində iştirak edib.
O, Cinayət Məcəlləsinin 12.1 və 279-cu (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) maddələri ilə təqsirli bilinib.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Hafiz Ramizzadə 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov