Qaynatasının 1000 manatını götürən kürəkən əməlindən peşman olduğunu bildirdi
Şəki Apelyasiya Məhkəməsində oğurluqda təqsirli bilinən Mingəçevir şəhər sakini İsmayıl Tahirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, 1989-cu il təvəllüdlü İsmayıl Tahirov ötən il avqustun 27-də saat 16 radələrində Kürdəmir rayonu Qarabucaq kəndi ərazisində yerləşən "Qızıl Tac" restoranının həyətində, meyvə satışı üçün qoyulmuş piştaxtanın arxasından Rəşad Pirverdiyevə məxsus 140 manat dəyərində "Samsung Galaxy S4 mini" markalı mobil telefonu və telefonun üzərində olan 15 manat dəyərində 2 sim kartı oğurlayıb.
Sonra Bakı şəhərinə gəlib, oğurluq telefonu Təbriz küçəsində yerləşən "İnteqral Plyus" mağazasına satıb. O, növbəti oğurluq hadisəsini Oğuz rayonunda törədib. Həmin il noyabr ayının 15-dən 16-na keçən gecə Oğuz rayonu Sincan kəndində qaynatası Məmmədhəsən Məmmədovun müvəqqəti yaşamaq üçün onlara verdiyi, lakin uzun müddət yaşamadığı evdə gecələyib.
Ertəsi gün evdən gedərkən evdəki 1000 manatı da özüylə aparıb.
İsmayıl Tahirov Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü (oğurluq) maddəsi ilə ittiham edilib. Oğuz Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilərək 4 il müddətinə şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb.
Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək İsmayıl Tahirovun həbs edilməsini istəyib.
Hakim Mirbahəddin Hüseynovun sədrliyi ilə keçən prosesdə İsmayıl Tahirov bildirib ki, Süsən Məmmədova ilə 27 fevral 2014-cü ildə rəsmi qaydada evləniblər: "Evləndikdən sonra əvvəlcə bir müddət Yevlaxın Havarlı kəndində, daha sonra Mingəçevir şəhərində kirayədə yaşamışıq. Sonradan Süsənin atası Məmmədhəsən kişi Oğuz rayonu Sincan kəndində müvəqqəti yaşamaq üçün bizə ev verdi. Buna görə də Sincan kəndinə köçdük. Lakin iş tapa bilmədiyimə görə Bakı şəhərinə gedərək avtomobil yuma salonunda işləməyə başladım".
"Otluqda yiyəsiz telefon gördüm"
Təqsirləndirilən şəxsin sözlərinə görə, avqustun 27-də Bakı şəhərindən avtobusla Mingəçevir şəhərinə yollanıb. Avtobus yolda Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində yerləşən "Qızıl Tac" restoranının yanında dayanıb: "Avtobusdan düşərək restoranın sağ tərəfinə doğru getdim. Orada otluq sahədə işlək vəziyyətdə telefon gördüm. İçərisindəki iki nömrəni çıxardım və telefonu söndürərək cibimə qoydum. Cihazı açmamışam və telefona başqa nömrə qoyub işlətməmişəm.
Ertəsi gün Bakı şəhərinə qayıtdıqdan sonra pula ehtiyacım olduğu üçün telefonu satmaq qərarına gəldim. "Nərimanov" metro stansiyasının yaxınlığında yerləşən "İnteqral Plus" mağazasına getdim, oradakı tanışım Nicat Paşayevə işlənmiş telefonum olduğunu və onu satmaq istədiyimi bildirdim. Avtomobil yuma salonunda işləyərkən Nicat maşınını orada yudurtduğu üçün onu tanıyırdım. Nicata həmin telefonun qohumuma məxsus olduğunu demişəm. Nicatla 140 manata razılaşdıq".
"Arvadıma baş çəkmişəm"
Təqsirləndirilən şəxsin sözlərinə görə, telefonu satarkən sənəd kimi sürücülük vəsiqəsini təqdim edib: "Bundan bir müddət sonra həmin telefonun sahibinin müraciəti əsasında Kürdəmir rayon polis şöbəsinə dəvət olundum. Şöbədə izahat verərkən telefonu tapdığımı bildirdim.
Sonradan Bakı şəhərində işlədiyim yerdən işdən çıxaraq atamın yanına gəldim və balıq satmağa başladım. Hərdənbir Qəbələ rayonunun Nic qəsəbəsinə həftəlik bazara balıq satmaq üçün gedəndə Oğuz rayonu Sincan kəndinə gedərək arvadım Süsənə də baş çəkmişəm".
"Borc istəmək üçün gəldiyimi bildirdim"
İsmayıl Tahirov bildirib ki, noyabrın 2-də Nic bazarından qayıdarkən evə gəlib və bəzi paltarlarını da götürərək özü ilə aparıb: "Alverlə gəlir əldə etməkdən ötrü pul tapmaq qərarına gəldim. Bu məqsədlə Oğuz rayon polis şöbəsində işləyən tanışım Sübhandan borc ala biləcəyimi fikirləşdiyim üçün noyabrın 15-də, saat 17-də avtobusla Mingəçevir şəhərindən çıxdım, Sübhanın yaşadığı evə gəldim.
Əvvəllər bir dəfə öz avtomobilimlə Sübhanı evə düşürmüşəm və orada birlikdə yemək yediyimiz üçün onun yaşadığı evi tanımışam. Sübhanın yaşadığı evin qapısı açıq olduğu üçün içəri girdim. Lakin evdə heç kim yox idi. Evdə dayanaraq Sübhanı gözləmək qərarına gəldim. Sübhan təxminən 10-11 radələrində evə gəldi, məni görüb evdə nə etdiyimi soruşdu. Sübhana 200-300 manat borc istəmək üçün gəldiyimi bildirdim. Sübhan isə o qədər pulunun olmadığını dedi. Gec olduğu üçün Sübhanın evində qalmaq istədim. Lakin Sübhan evinə qonaq gələcəyini bildirdi. Pulum olmadığına görə Sübhandan məni Sincan kəndinə aparmasını xahiş etdim. Sübhan avtomobillə məni Sincan kəndinə gətirdi".
"Polisə arvadım şikayət edib"
Təqsirləndirilən şəxsin sözlərinə görə, Sincan kəndində qaynatasının onlara verdiyi evə gəlsə də, qapının bağlı olduğunu görüb: "Evin mətbəx kimi istifadə edilən otağının pəncərəsini sındıraraq əvvəlcə evə girdim. Lakin orada yatmaq üçün döşək olmadığına görə otaqdan çıxdım və yataq otağının pəncərəsini sındıraraq ora girdim. Sobanı qaladım, bir stəkan çay içdim, yatdım.
Səhər yuxudan oyandıqda pul saxlanılan şüşəli dolabdakı çaynikin içərisinə baxdım. Orada 1000 manat vardı. Pulun qaynatama məxsus olduğunu bildim və maddi ehtiyacım olduğu üçün həmin pulu götürdüm. Arvadım Süsənin yaşadığımız evin yanında olan bağdan yığdığı, karton qutudakı fındığı da sellofan torbaya yığaraq apardım.
Noyabrın 16-da, saat 8 radələrində Şıxəhmədli dayanacağı adlanan yerdə maşın saxladaraq Qəbələ rayonunun Nic qəsəbəsinə gəldim. Nicdə balıq satanlarla görüşdüm, balığın qiyməti ilə maraqlanıb bazardan çıxdım, Mingəçevir şəhərinə gəldim.
Bakı şəhərindəki "Keşlə bazarı"nda ucuz balıq olduğuna görə balıq almaq üçün həmin gecə Bakıya gəldim. Lakin satın almaq üçün münasib balıq tapa bilmədim və Mingəçevir şəhərinə qayıtdım. Yevlax rayonunun Xanabad kəndində kiloqramı 3 manat 20 qəpikdən 300 kiloqram sazan balığı aldım və həmin balıqlara görə 960 manat ödədim. Balıqları Xanabad kəndində yaşayan tanışım Dilqəmin həyətinin qarşısında olan gölə buraxdım.
Noyabrın 20-də polis əməkdaşları məni həbs edərək Mingəçevir şəhər polis şöbəsinə, oradan isə Oğuz rayon polis şöbəsinə gətirdilər. Məlum oldu ki, arvadım evdən pul götürməyimlə əlaqədar polisə şikayət edib".
Maddi imkansızlıq üzündən...
İsmayıl Tahirov ifadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu, ilk dəfə cinayət törətdiyi üçün cəzasının yüngülləşdirilməsini xahiş edib: "Maddi imkansızlıq üzündən cinayət törətmişəm və zərərçəkmiş şəxslərə vurduğum maddi ziyanı könüllü ödəmişəm. Himayəmdə altı aylıq azyaşlı uşaq var. Anam vaxtsız vəfat edib, atam başqa qadınla ailə qurduğu üçün bacım və xəstə qardaşımla birlikdə nənəmin evində yaşayıram. Hazırda bacım və özümdən kiçik qardaşım, həmçinin 1939-cu ildə anadan olmuş nənəm Vəsilə Zeynalova da mənimlə birlikdə yaşayır. Onlara da özüm diqqət və qayğı göstərirəm".
Zərərçəkmiş Rəşad Pirverdiyev bildirib ki, avqustun 27-də idarə etdiyi avtomobillə bacısı oğlu Elvin Manafovla birlikdə Ucar rayonuna gedərkən "Qızıl Tac" restoranında çay içmək üçün dayanıblar: "Orada olarkən "Samsung Galaxy S4 mini" markalı mobil telefonumun enerjisi bitdiyindən cihazı restoranın qarşısında olan piştaxtanın arxasında olan masaya qoyaraq enerjiyə qoşdum. Çay içdikdən sonra telefonu götürmək istədim, amma tapmadım. Buna görə də telefonumun itməsi ilə bağlı polisə şikayət etdim".
Digər zərərçəkmiş Məmmədhəsən Məmmədovun sözlərinə görə, İsmayıl ailəsinə diqqət və qayğı göstərməyib: "Məcbur olaraq qızımı yaşadığım Sincan kəndinə gətirdim, həmin kənddə oğluma inşa etdirdiyim evi müvəqqəti yaşamaları üçün onlara verdim. Lakin İsmayıl yenə də ailəsinə baxmadı və günlərlə evə gəlmədi.
Kənd camaatından kömür alaraq öz avtomobilimlə aran rayonlarında satmaqla məşğul olmuşam. Həmin vaxtlarda 2-3 gün evə gələ bilmirdim. Noyabrın 14-də Zərdab rayonuna kömür satmağa gedərkən 1000 manat pulumu saxlamaq məqsədi ilə qızıma verdim. Həmin gecə Süsən səhhəti ilə bağlı bir gün xəstəxanada qaldı. Ertəsi gün xəstəxanadan çıxaraq bizim evə gəldi. Noyabrın 16-da qızım və arvadım Ağgün onların yaşadığı evə gediblər. Evin pəncərələrinin sındırıldığını, pulun oğurlandığını görüblər".
Tərəfləri dinləyən hakim kollegiyası sonda prokurorluğun protestinin təmin edilməsi barədə qərar elan edib. İsmayıl Tahirovun barəsində olan şərti məhkumetmə hökmü ləğv edilib. Məhkəmə kollegiyası İsmayıl Tahirovu 3 il 5 ay 6 gün müddətinə azadlıqdan məhrum edib. O, məhkəmə zalında həbs edilib.
Hacı Zeynalov