Ölümlə nəticələnən yol qəzası törədən sürücünün cəzası artırıldı
Şəki Apelyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirli bilinən Gürcüstan vətəndaşı Uruslan Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Ittihama görə, Uruslan Qurbanov 30 iyun 2014-cü il tarixdə, gecə saat 2 radələrində idarə etdiyi “MAN” markalı avtobusla Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yol hərəkəti qaydasını pozub.
O, Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Yevlax rayonu ərazisindən keçən 249-cu kilometrliyində “Boqdan 211040-96" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində ”Boqdan"ın sürücüsü Vüsal Hüseynov aldığı xəsarətdən ölüb.
Uruslan Qurbanov Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə (yol hərəkəti qaydalarını sərxoş vəziyyətdə pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il cəza alıb.
Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək cəzanın ağırlaşdırılmasını istəyib. Uruslan Qurbanov isə apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş edib.
“Peşmanam”
Hakim Mirbahəddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Uruslan Qurbanov bildirib ki, “MAN” markalı avtobusla Gürcüstan Respublikasından Bakı şəhərinə sərnişin daşıyan zaman avtobusda təxminən 50 sərnişin olub: “Avtobusla öz yolumla hərəkət edirdim. Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Yevlax rayonu ərazisində olan vaxt qarşı hərəkət zolağından bir avtomobilin yoluma çıxaraq üstümə doğru gəldiyini gördüm. Həmin vaxt avtobusun uzaq vuran işıqlarını bir neçə dəfə yandırıb-söndürdüm. Sonra isə hərəkət zolağına çıxan avtomobilin öz hərəkət zolağına qayıtması üçün idarə etdiyim avtomobilin siqnalını basdım. Lakin həmin avtomobilin yoluna qayıtmadığını gördüm və idarə etdiyim avtobusla qarşı hərəkət zolağına çıxdım ki, avtomobil sağ tərəfimdən getsin.
Lakin həmin avtomobilin sürücüsü, hadisə ilə bağlı tanıdığım Vüsal Hüseynov qəflətən idarə etdiyi avtomobili yenidən öz hərəkət zolağına qaytardı və avtobusun qabaq sağ tərəfinə dəyərək toqquşdu. Köməkçim Azadla birlikdə avtobusdan düşərək həmin avtomobilə yaxınlaşdıq. Sürücünün aldığı xəsarətlərdən öldüyünü gördüm. Onu avtomobildən çıxardaraq yerə uzatdıq. Hadisə zamanı nə mən, nə də avtobusda olan sərnişinlərin heç biri xəsarət almayıb".
O, qeyd edib ki, hadisə günü sərxoş deyilmiş və idarə etdiyi avtobusun sürəti saatda 60-70 km olub. Sürücü törətdiyi əməldən səmimi peşman olduğunu da bildirib.
İş üzrə zərərçəkmiş şəxs qismində tanınan Aslan Qurbanovun ifadəsinə görə, təqsirləndirilən Uruslan Qurbanov onun doğma qardaşıdır: “Qardaşımın avtoqəza törətdiyi avtobus mənə məxsusdur. Həmin avtobusu adətən Ramin adlı şəxs idarə edib. Hadisə günü qardaşım Uruslan da Raminlə birlikdə Bakı şəhərindən Gürcüstan Respublikası ilə sərhəd olan ”Qırmızı Körpü" adlanan yerə sərnişin aparıb.
“Qırmızı Körpü” adlanan yerə çatdıqdan sonra Ramin zəng edərək şəxsi işi ilə əlaqədar Gürcüstana gedəcəyini və qardaşım Uruslanla birlikdə geri, Bakı şəhərinə qayıda bilməyəcəyini bildirdi. Uruslana zəng edərək avtobusla Bakı şəhərinə qayıtmasını istədim".
“Avtomobilin təmirinə 15000 manat xərclədiyini bildirdi”
Zərərçəkmiş qeyd edib ki, iyunun 30-da, gecə qardaşı Uruslan ona zəng edərək Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Yevlax rayonu ərazisində “Boqdan” markalı avtomobillə toqquşduğunu bildirib: “Bundan sonra hadisə yerinə getdim. Həmin vaxt məlum oldu ki, ”Boqdan 211040-96" markalı avtomobilin sürücüsü, adını sonradan bildiyim Vüsal Hüseynov qəza zamanı aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.
Hadisədən bir neçə gün sonra tanıdığım Ramiz adlı şəxsin mərhum Vüsal Hüseynovla yaxın münasibəti olduğunu bildim. Buna görə də onunla birlikdə mərhumun qohumlarına başsağlığı vermək üçün yas mərasiminə getdik. Ora getməkdə məqsədimiz həm başsağlığı vermək, həm də maddi cəhətdən əlimizdən gələn köməkliyi onlara göstərmək olub.
Orada olarkən mərhumun yaxınları heç bir köməyin lazım olmadığını, hadisənin ehtiyatsızlıqdan, bilməyərəkdən baş verdiyini bildirdilər. Həmçinin orada mərhumun yaxınlarına avtomobilin təmiri xərcinin ödənilməsinə də kömək edə biləcəyimizi dedim. Mərhumun yaxınları da heç nə demədilər.
Həmin vaxtdan təxminən 2-3 gün keçdikdən sonra mərhumun qohumları zəng edərək Yevlax şəhərində görüşməyimizi istədilər. Görüş zamanı mərhumun qardaşı qəzaya düşən avtomobilin təmirinə 15000 manat xərclədiyini bildirdi. Təmirə xərclənən pulun nə üçün bu qədər böyük məbləğ olduğunu aydınlaşdırmaq məqsədi ilə mərhumun qohumlarından xərclənən pula dair siyahını tələb etdim. Lakin həmin siyahını ala bilmədim".
“Təzə avtomobil almağı təklif etdim”
Aslan Qurbanovun sözlərinə görə, qəzaya uğrayan avtomobil bankda başqa adamın adında kreditdə olduğu üçün bank borcun ödənilməsini tələb edib: “Bundan sonra yenidən mərhumun qohumlarına ya yeni avtomobil almağı, ya da bankın kredit borcunu ödəməyi təklif etdim. Lakin qarşı tərəf heç bir təklifimizi qəbul etmədi. Həmin vaxtdan təxminən 2 gün keçdikdən sonra mərhumun yeznəsi zəng edərək qaynının bu hadisə ilə bağlı başı qarışıq olduğunu və 15000 manatı tələb etdiyini bildirdi.
Həmin şəxsə telefonda 15000 manata imkanım olmadığını, təxminən 7000-8000 manata yeni avtomobil almağa imkanımız çatdığını bildirdim. Həmçinin yas mərasiminə çəkilən xərci də ödəyəcəyimizi söylədim. Bundan sonra mərhumun yeznəsi ilə görüşdüm və Yevlax şəhərində məzar daşı hazırlanan yerə getdik. Orada məzar daşı üçün tələb edilən 2500 manatın yarısını özüm ödəmişəm, qalan yarısını da əmim oğlundan göndərmişəm.
Məzar daşına 2500 manat verdikdən sonra mərhumun ailəsi ilə yaxın olan tanışım Ramizə təxminən 2500 dolları verərək ziyanla bağlı köməklik kimi mərhumun qohumlarına çatdırmasını xahiş etdim. Ramiz də mərhumun qohumları ilə görüşdükdən sonra gələrək pulu qəbul etmədiklərini bildirdi. Ramizə həmin pulu mərhumun qohumu Natiqə hansısa yolla verməsini yenidən xahiş etdim.
Lakin Ramiz Natiqin əsəbi olduğunu və pulu qəbul etmədiyini bildirdi. Sonradan Natiqin yeznəsi ilə görüşdüm və razılaşmağa çalışsaq da, alınmadı. Bundan sonra Bakı şəhərinə qayıtdım".
İş üzrə ifadə verən Natiq Hüseynov bildirib ki, qardaşı Vüsalın Yevlax rayonu ərazisində idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi nəticəsində öldüyünü bilib. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu qeyd edən Natiq Hüseynov bildirib ki, 12000 manat avtomobilə, 3000 manat da yas mərasiminə xərcləri çıxıb. O, həmin vəsaitin təqsirləndirilən şəxsdən tutulmasını istəyib.
Hakim kollegiyası prokurorluğun protestinin təmin edilməsi barədə qərar qəbul ediblər. Qərara görə, Uruslan Qurbanovun cəzası 7 il 11 ay 11 gün müddətinə qədər artırıblar.
Zərərçəkmiş şəxsin hüquqi varisi Natiq Hüseynovun pul tələbinə dair şikayəti, həmçinin Uruslan Qurbanovun cəzasının yüngülləşdirilməsi barədə şikayəti təmin edilməyib.
Hacı Zeynalov