Lənkəranda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 6-da saat 21.30 radələrində Lənkəran şəhərində qeydə alınıb.
Rayonun Yuxarı Nüvədi kənd sakini, 1985-ci il təvəllüdlü Faiq Kazımovun idarə etdiyi “VAZ-21011” markalı, 42 BE 724 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən qarşı tərəfdən gələn və Lənkəran şəhər sakini, 1970-ci il təvəllüdlü Şamil Babayevin idarə etdiyi “Hundai Sonata” markalı, 90 HE 579 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.
Hər iki avtomobilə ciddi ziyan dəyib, həmçinin “VAZ-21011”-in sürücüsü ilə sərnişinləri – rayonun Səpnəkəran kənd sakini, 1985-ci il təvəllüdlü Esmira Səfərova, onun 7 yaşlı qızı Fatimə Səfərova və 5 yaşlı oğlu Zamin Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Xəstəxanadan APA-nın yerli bürosuna verilən məlumata görə, yaralıların 4-ə də lazımi yardımlar göstərilib, hazırda ana ilə uşaqların vəziyyəti stabil, F. Kazımovun vəziyyəti isə orta-ağırdır.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.