Masallıda oğurluq hadisəsi baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Böyük Kolatan kəndində qeydə alınıb.
Naməlum şəxs və ya şəxslər kənd sakini Şəlalə Mətləb qızı Cəfərovaya məxsus evin arxa pəncərəsini sındıraraq içəri daxil olmaqla mənzildən 5 min ABŞ dolları, 2 min 500 Azərbaycan manatı, 49 min rus rublu, 45 min manat dəyərində zinət əşyaları oğurlayıblar.
Hadisə yerinə dərhal Masallı Rayon polis Şöbəsinin əməliyyat - istintaq qrupu gələrək tədqiqat aparıb.
Faktla bağlı cinayət işi açılıb, oğurluq hadisəsini törədənlərin yaxalanması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.