8 Sentyabr 2015 12:28
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə adam öldürməyə cəhd edən Sumqayıt sakininin cəzasını 9 ilə endirib

Sumqayıt Apelyasiya Məhkəməsində adam öldürməyə cəhddə ittiham olunan 1970-ci il təvəllüdlü Səid Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, 22 fevral 2013-cü ildə saat 22 radələrində o, Sumqayıtda "Çənlibel" kafesinin qarşısından keçərkən əvvəllər tanıdığı şəhər sakinləri - Azad Məmmədov və Seyfəddin Həsənov ilə rastlaşıb.

Seyfəddin Səid Cavadovdan 1 manat istəyib. Xahişi nəzərə alan Səid ona 1 manat verib. Bu zaman Azad Məmmədov da ondan əlavə 1 manat verməsini xahiş edib. Onların arasında mübahisə düşüb.

Mübahisəyə aydınlıq gətirməkdən ötrü Səidlə Azad 2-ci mikrorayon ərazisində yerləşən yaşayış binasının qarşısına gəliblər. Səid Azada sillə-yumruqla zərbə endirmək istəyib, müqavimətlə qarşılaşıb. Buna görə Azad Məmmədovu öldürmək qərarına gəlib. Gödəkçənin qolunda gizlətdiyi kustar üsulla hazırlanmış bıçağı çıxararaq Azadın boğaz nahiyəsindən vurub. Daha sonra hadisə yerindən qaçıb.

Yaxında olan şəxslər Azad Məmmədovu Bakı şəhəri Kliniki Tibbi Mərkəzə çatdırıblar. Həkimlər onun həyatını xilas ediblər.

Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilən Səid Cavadov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 3 ay azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək barəsində ədalətli hökm çıxarılmasını, eləcə də hüquqlarının Sumqayıt şəhər hüquq məsləhətxanasının vəkili Fazil Nəhmətov tərəfindən müdafiə olunmasına köməklik göstərilməsini xahiş edib.

Hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə Səid Cavadov istintaq orqanı tərəfindən hüquqlarının pozulduğunu bildirib. Onun sözlərinə görə, cinayət işi ilə tanış olmamış barəsində olan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. O, apelyasiya şikayətinin təmin edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili Fazil Nəhmətov bildirib ki, müdafiə etdiyi şəxsin əməlini xuliqanlıq niyyəti ilə adam öldürmə ittihamı ilə təsdiqlənməsi düzgün olmayıb. O, müdafiə etdiyi şəxsin əməlinin Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham olunmasını, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza növündən də aşağı həddində cəza təyin edilməsini xahiş edib.

Hakimlər təqsirləndirilən şəxsin apelyasiya şikayətini təmin edib və onun cəzasını Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinə tövsüf edilib. Cəza 9 ilə endirilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər