Sumqayıt Apelyasiya Məhkəməsində qanunsuz balıq ovlamaqda təqsirli bilinən Siyəzən rayon sakini, 1980-ci il təvəllüdlü Pərviz Xankişiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Pərviz Xankişiyev 10 yanvar 2015-ci il tarixdə qanunsuz balıq tutmaq məqsədi ilə özüyeriyən və özüüzən nəqliyyat vasitəsi hesab edilən “Yamaha 75” markalı mühərriklə təhciz edilmiş taxta qayıqla Siyəzən rayonunun Balaca Həmyə kəndindən Xəzər dənizinə girib. O, dənizdə qurmuş olduğu sapdan hazırlanmış torlarla qanunsuz balıq tutub.
O, həmin gün saat 18 radələrində sahilə çıxarkən Siyəzən Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun dənizindən qanunsuz tutduğu hər birinin qiyməti 11 manat olmaqla ümumi dəyəri 297 manat təşkil edən 27 ədəd adi siyənək, hər birinin qiyməti 22 manat olmaqla ümumi dəyəri 44 manat təşkil edən 2 ədəd qarabel siyənəyi və hər birinin qiyməti 33 manat olmaqla ümumi dəyəri 66 manat təşkil edən 2 ədəd kütüm balıqları aşkar edilib.
Həmin əməli ilə ona cərimə kəsilməsinə baxmayaraq Pərviz Xankişiyev fevralın 11-də təkrar dənizdə balıq ovuna çıxıb. Bu hərəkəti ilə Pərviz Xankişiyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 1386 manat məbləğində ziyan vurub.
Pərviz Xankişiyev Cinayət Məcəlləsinin 256.2.1 və 256.2.2-ci (külli miqdarda ziyan vurulmaqla, özüyeriyən və özüüzən nəqliyyat vasitəsindən və ya partlayıcı və ya kimyəvi maddələrdən və ya balıqların, yaxud başqa su heyvanlarının kütləvi məhvinə səbəb olan vasitələrdən istifadə etməklə balıqları və başqa su heyvanlarını qanunsuz tutma) maddələri ilə ittiham edilib. Siyəzən Rayon Məhkəməsinin hökmü ilə Pərviz Xankişiyev 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Pərviz Xankişiyev apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. O, bildirib ki, az yaşlı uşağı və ailənin yeganə qazanc gətirəni olması birinci məhkəmə instansiyası tərəfindən nəzərə alınmayıb. Pərviz
Xankişiyevin şikayətinə hakim Hüseyn Nəbiyevin sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası onun şikayətini təmin etməyib.
Hacı Zeynalov