Şirvan şəhərində mənzilə basqın edən maskalı şəxslər həbs edilib. Teleqraf.com xəbər verir ki, Şirvan şəhərində yaşayan Elşən Həsənovun mənzilinə oğurluq məqsədi ilə 2 maskalı şəxs girib.
Onlar rastlaşdıqları ev sahibi Elşən Həsənova küt alətlə xəsarət yetiriblər və hadisə yerini tərk ediblər. Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmyerliləri Süleyman Əhmədov və Ülvin Quliyev tutulublar.
Qeyd edək ki, hadisə sentyabrın 8-də, gecə saat 4.00 radələrində şəhərin Rəsulzadə küçəsi, 17, mənzil 105 ünvanında qeydə alınıb. Şirvan sakinləri Ülvi Quliyev və Süleyman Əhmədov 1960-cı il təvəllüdlü şəhər sakini Elşən Həsənovun evinə daxil olaraq ona ağır bədən xəsarətləri yetiriblər.
Hadisə şahidi olan qonşular dərhal bu barədə polisə məlumat veriblər. Ülvi Quliyev və Süleyman Əhmədov hadisə yerində saxlanılıb. Məlumata görə, polis hadisə yerinə tez gəldiyi üçün onların Elşən Həsənovu öldürmək niyyətləri baş tutmayıb. Elşən Həsənov ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Elşən Həsənovun qızıl alveri ilə məşğul olduğu, oğruların evdən qızıl-zinət əşyaları oğurlamaq niyyətində olduqları açıqlanıb.
Hacı Zeynalov