Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan 1996-cı il təvəllüdlü Fuad Rəcəbzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Fuad Rəcəbzadə ötən ilin noyabrın 4-də Dağıstan küçəsində yaşayan Rafiq Məmmədova çoxsaylı bıçaq xəsarətləri yetirib.
Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Fuad Rəcəbzadə tutulub.
Hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Fuad Rəcəbzadənin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prosesdə son söz deyən Fuad Rəcəbzadə hakim kollegiyasından cavanlığının nəzərə alınmasını istəyib: “Hadisəni törətdiyim üçün peşman olmuşam. Amma sonrakı peşmançılıq bir fayda verməz. Bir cinayətdir törətmişəm, buraxın, evimə gedim”.
Daha sonra hakim kollegiyası hökm qəbul etmək üçün müşavirə otağına yollanıb. Müşavirədən qayıdan hakimlər Fuad Rəcəbzadənin 10 il 8 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm elan edib.
Hacı Zeynalov