Dövlət Sərhəd Xidməti tərəfindən 2015-ci ilin avqust ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir.
Avqust ayı ərzində dövlət sərhədini pozduqları üçün 23 halda 28 nəfər saxlanılıb. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, onların 19 nəfəri Azərbaycan, 2 nəfəri İran, 2 nəfəri Özbəkistan, 2 nəfəri Malaziya, hər ölkədən bir nəfər olmaqla Rusiya, Qırğızıstan və Qazaxıstan vətəndaşları olub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 6 halda 10 nəfər, Xəzər dənizində 20 halda 28 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 428 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 11 halda 10 kiloqram 575,9 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Avqustun 5-də Cəlilabad rayonunun Zəhmətabad kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində saat 02:00 radələrində İrandan Azərbaycana keçmək istəyən 2 nəfər sərhəd pozucusunun qarşısı alınıb. Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucuları geri qaçmağa müvəffəq olublar. Hadisə yerinə baxış zamanı iki ədəd bağlamada 5 kiloqram tiryək aşkar olunaraq götürülüb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 59 halda ümumi dəyəri təqribən 513 min manat olan qaçaqmal, o cümlədən 6 413 000 Rusiya rublu, 7501 ABŞ dolları, 7411 ədəd pirotexniki maddə, pnevmatik tapança üçün 76 ədəd lülə, 1 kiloqram barıt, 1 ədəd beşbarmaq, 4125 qutu siqaret, 1 ədəd qayıq, 58 ədəd mobil telefon, müxtəlif növ dərman preparatları, ərzaq və sənaye malları saxlanılıb.
BƏXTİYAR