15 Sentyabr 2015 15:13
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Sevil” MMC-nin vəzifəli şəxsləri - Aynur Zeynalov, Zabit Çələbiyev, Elçin İsmayılov, Mirnamat Miradıyev və Səbinə Əliyevanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Lalə Zaurqızı ifadə verib. O, bildirib ki, 2014-cü ilin iyunun 14-də “Sevil” MMC-nin tikməsi üçün nəzərdə tutulan binadan 77 kvadrat metr ərazisi olan ev alıb. Onun sözlərinə görə, bununla bağlı MMC-yə ilkin olaraq 12 min manat ödəyib. O, pulunu qaytarılmadığını, dəymiş ziyanın ödənilməsini istəyib.

Daha sonra zərərçəkmiş Elxan Məmmədov bildirib ki, MMC-dən 2 sot torpaq alıb və buna görə də 6600 manat ödəyib: “Buna görə qədər də pulum qaytarılmayıb. Əməliyyat olunacam, pulum yoxdur. Pulumun ödənilməsi vacibdir. Çünki əməliyyat olunacam”.

Elxan Məmmədov həmçinin bildirib ki, torpaq sahəsi onun həyat yoldaşı Bəsti Məmmədovanın adına rəsmiləşdirilib. Digər zərərçəkən Mirzəmməd Əhmədzadə qeyd edib ki, 4 sot toqpaq sahəsi alması barədə MMC-nin rəhbər şəxsləri ilə müqavilə bağlayıb: “Buna görə də MMC-yə 13 min manat ödəmişəm. Torpağın pulunu ödəyəndən sonra ev tikməyə başlamışam. Torpağın alınması və yarımçıq tikiliyə ümumilikdə 34 min manat xərcim çıxıb. Amma torpağın alınması və yarımçıq tikili ilə birlikdə 19 min manat qiymətləndirilib. Bu da düzgün deyil”.

Şahin Əzizov sot torpaq sahəsi almaq üçün 5185 manat ödədiyini, amma pulunun geri qaytarılmadığını qeyd edib. Elçin Mollayev qeyd edib ki, 3 sot torpaq sahəsinin alınması üçün MMC-nin rəhbər şəxsləri ilə 18 min manata razılaşıblar. O, qeyd edib ki, bunun 9500 manatını ödəyib. Zərərçəkmiş pulunun qaytarılmasını istəyib.

Rövşən Abıyev 2 sot torpaq sahəsi almaq üçün 7 min manata razılığa gəldiklərini qeyd edib: “Şirkətə 6450 manat ödəmişəm. Torpağı şirkətdən müqavilə yolu ilə almışam. Başqa hər hansı bir sənədim olmayıb. Torpağda tikinti işləri aparmamışam”.

Etibar Həsənov bildirib ki, MMC-dən iki yer olaraq ayrı-ayrılıqda 2 sot torpaq sahəsi alıb. Onun sözlərinə görə, MMC-yə 21 min manat ödəyib: “Aldığım torpaqların üzərində tikinti işləri aparmışam. Tikintiyə də 37 min 645 manat xərcləmişəm. Torpaq sahəmin geri qaytarılmasını istəyirəm”.
İsa Manafovun sözlərinə görə, oğlu Təbrikin adına MMC-nin tikiməsi üçün nəzərdə tutulan binadan mənzil alıb. O, qeyd edib ki, bununla bağlı olaraq MMC-yə ilkin olaraq 13 min 173 manat ödəyib: “Mənə dəymiş ziyan ödənilməyib. Mənim üçün fərqi yoxdur ki, ev, ya torpaq verilsin. Mənə dəymiş ziyanın ödənilməsini istəyirəm”.

Rabil Həbilov bildirib ki, MMC-dən 6 sot torpaq alıb və 19 min 200 manat ödəyib: Torpağı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışı əsasında almışam. Həmin ərazidə tikinti işləri aparmışam, buna görə də tikiliyə xeyli pul xərcləmişəm. Sonradan məni Hökməli bələdiyyəsinə çağırdılar. Orada çıxarışı əlimdən aldılar və mənə torpağa verdiyim pulu qaytardılar. Amma tikiliyə xərclədiyim pul bu günə kimi də qaytarılmayıb”.

Digər zərərçəkənlər – Nəzakət Aydınova torpaq alması üçün 29000 ABŞ dolları, Mübariz Kərimov 8400 manat, Heyzəgül Cabbarova 6000 manat ödədiklərini qeyd ediblər.

Məhkəmə iclası sentyabrın 22-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər