Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Nuriyyə Əhmədovanın keçmiş həyat yoldaşı Xanlar İbadovun evində qətl hadisəsi törətməkdə təqsirli bilinən Yelena Maxrovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, qətl hadisəsi bu il martın 8-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Əvvəllər məhkum olunmuş Sabir Qurbanov və onunla qeyri-rəsmi nikah münasibətlərində olan Yelena Maxrova X.İbadovun evində yaşayıb. Yelena Maxrova mübahisə zəminində Sabir Qurbanovu qətlə yetirib.
İstintaq zamanı hər iki şəxsin tüfeyli həyat tərzi keçirdiyi məlum olub. Hadisə baş verən gün Sabir Qurbanov evdəki tanışları ilə yeyib-içib. Evə gələn Yelena sərxoş olan əri ilə mübahisə edib. Əsəbini saxlaya blməyən qadın bıçaqla ona bir zərbə vurub. Daxili qanaxmadan Sabir Qurbanov elə evdə keçinib.
Yelena Maxrova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur. Cinayət işi hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilir.
Prosesdə şahid qismində Akif Abdullayev ifadə verib.
Məhkəmə prosesi sentyabrın 22-dək təxirə salınıb.
Hacı Zeynalov