Bakı Apelyasiya Məhkəməsində “Unibank” KB ASC-nin Nərimanov filialının keçmiş əməkdaşı Sahib Ağayev barəsində apelyasiya protestinə baxılıb.
Qeyd edək ki, Sahib Ağayev “Unibank” KB ASC-nin Nərimanov filialında çalışıb. Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan Sahib Ağayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib.
Bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçən prosesdə Sahib Ağayev barəsində təyin edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib və ona bəraət verilib. Sahib Ağayev məhkəmə zalından azadlığa buraxılıb.
Həmin qərardan narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək bəraət hökmünün ləğvini istəyib. Ali Məhkəmədə baxış zamanı hakim Fərhad Kərimov prokurorluğun protestini təmin edib və apelyasiya instansiyasının qərarını ləğv edib. Bundan sonra cinayət işi yenidən baxılması üçün apelyasiya instansiyasına göndərilib.
Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə prokuror İlkin Həsənov ittiham nitqi ilə çıxış edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanmasını istəyib. Daha sonra bankın nümayəndəsi çıxış edib və o, Sahib Ağayevə qarşı qaldırdıqları 12 min manat mülki iddianın təmin olunmasını xahiş edib.
Sahib Ağayev bildirib ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsində əməlində dələduzluq faktı olmadan Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələri ilə ittiham verilib: “Bakı Ağır Cinayətlər Məhkəməsində sübutlarıma əhəmiyyət verilmədən 8 il müddətinə azadlıqdan məhrum olunmağım barədə hökm çıxarıldı. Verdiyim Apelyasiya şikayətinə baxan hakim Həsən Əhmədov da təqsirsizliyimi sübut etməyimə baxmayaraq, 8 il azadlıqdan məhrum edilməyim barədə qanunsuz hökmü dəyişdirmədi.
14 avqust 2014-cü il tarixdə Ali Məhkəmədə hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən məhkəmə iclasında işimə tam qanunlara müvafiq formada hüquqi qiymət verildi, Bakı Apelyasiya Məhkəməsinin qanunsuz hökmü ləğv edilərək, bəraətverici əsaslarla yeni apelyasiya baxışı təyin edildi. Yeni apelyasiya baxışı zamanı ədalətli hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən məhkəmə iclasında bütün faktlar araşdırıldı və tam qanuni şəkildə mənə bəraət verildi”.
“Öhdəliyimdən yayınmamışam, hörmətsizlik etməmişəm”
Sahib Ağayevin sözlərinə görə, sonradan prokurorluq tərəfindən kasasiya protesti verilib və 3 nəfər şəxsi əleyhinə qaldırılıb: “Ali Məhkəmənin hakimi Fərhad Kərimovun hər hansı yolla protest və şikayətləri təmin etməsinə nail olunub. Çox maraqlı haldır ki, Ali Məhkəmənin bir qərarı ilə iş bəraətverici əsaslarla ləğv olunur, digər qərarı isə ağır ittiham irəli sürülür. Bu məsələdə təzyiqedici qüvvələrin rolu şübhəsizdir. Məhkəmənin gedişatı zamanı “zərərçəkmiş” hesab edilən və ümumiyyətlə məndən heç vaxt şikayətçi olmayan şəxslərin böyük hissəsinin məhkəmə prosesində iştirak etmək arzularının olmadığının şahidi olduq.
Bu şəxslər əvvəlki birinci instansiya məhkəməsində ifadələrində pulu mənə borc qismində verdikləri barədə ifadə veriblər və şikayətçi olmadıqlarını qeyd ediblər. Fariz Abdullayev ifadəsində bildirib ki, 2000 ABŞ dolları məbləğində kreditin götürülməsi və hərəmizə 1000 ABŞ dolları məbləğində borcun ödənilməsi barədə öhdəliyimiz qarşılıqlı razılaşma yolu ilə olub.
Eyni zamanda, qeyd edib ki, əvvəlki 2-3 ay kredit ödənişini mən ödəmişəm. Bu əməldə dələduzluq predmetindən söhbət gedə bilməz, çünki dələduzluq etmək niyyəti olan şəxs borcu ümumiyyətlə ödəmir. Fariz Abdullayev bir dəfə mənə 100 ABŞ dolları məbləğini pulu banka ödəmək üçün verib, lakin mənə aid olan digər 100 ABŞ dolları hissəni imkansızlıq səbəbindən düzəldə bilmədiyimə görə həmin vəsaiti adına kredit götürdüyüm digər bir şəxsin hesabına ödəmişəm. Lakin məqsədim evi və maşını satarkən həmin borcun bağlanması olub.
Bu hadisədən sonra Farizin özünün də qeyd etdiyi kimi, mən Farizlə həm telefonda, həmçinin də Nərimanov parkında görüşərək, vəziyyətimin ağır olduğunu, müflisləşdiyimi bildirib üzrxahlıq etmişəm və borcumu maddi durumum düzəldiyi anda ödəyəcəyimə söz vermişəm. Heç bir zaman öhdəliyimdən yayınmamışam, hörmətsizlik etməmişəm.
Sonradan qanunsuz hökmlə həbs olunmuşam, ailəmin maddi durumu daha da gərginləşib və borcumu ödəmək imkanlarım məhdudlaşdırılıb. Eynilə bu məsələlər əvvəlki bəraət aldığım Apelyasiya Məhkəməsində də araşdırılıb”.
“Pulu Yuri borc qismində mənə verib”
Təqsirləndirilən şəxs qeyd edib ki, Laura Nadirova ifadəsində anasının müalicəsi məqsədilə pul lazım olduğu üçün ona müraciət edib: “Qeyd etmək istərdim ki, Laura Nadirovanın rəsmi iş yeri olmadığına görə ona krediti qeyri-bank proqramları çərçivəsində, özümün qeyri-rəsmi zaminliyim əsasında vermişəm. Laura Nadirovanın adına kredit kartı sifariş edilib və kredit kartı banka daxil olduğu gün Laura Nadirova banka gəlib.
Kredit məbləğinin maksimal limitinin 2000 manat olduğunu nəzərə olaraq, Laura Nadirovaya təklif etmişəm ki, kredit məbləğini 2000 manat rəsmiləşdirə bilərəm. Həmin kartdan istədiyi vəsaiti nəğdləşdirərək istifadə edən zaman nəğdləşdirdiyi vəsaitə uyğun ödənişlər edəcəyini izah etmişəm.
Laura Nadirova bu təklifimlə razılaşıb və kredit rəsmiləşdirilib. Onun oğlu Yuri Nadirovla dostluq münasibətində olmuşuq. Düşdüyüm vəziyyətdən çıxış yolu axtaran zaman Yuri Nadirova müraciət edərək, anasının adına olan kredit kartındakı vəsaitdən istifadə edə bilməyəcəyimlə bağlı sualla müraciət etmişəm. Yuri Nadirov anası ilə məsləhətləşdikdən sonra razılıq vermişəm və şəxsən özü anasından kartı alaraq mənimlə “Unibank” KB ASC-nin “İnqilab” filialına yaxınlaşıb, bankomatdan pulu şəxsən Yuri özü çıxardaraq borc qismində mənə verib.
Mənə verilən məbləğ üzrə aylıq faizləri mütəmadi ödəmişəm. İstintaq materiallarına bu ödənişlər barədə qəbzlər vardı. Lakin maddi vəziyyətimin pisləşdiyi zamanı tam məbləği banka qaytara bilməmişəm. Laura Nadirovanın ilkin istintaq və kasasiya şikayəti zamanı verdiyi ifadələrin yalan və böhtan olduğunun şahidi oluruq”.
“Bildiriblər ki, məndən heç bir şikayətləri yoxdur”
Sahib Ağayev daha sonra qeyd edib ki, digər zərərçəkmiş Səid Cavadov kredit kartını ona öz iş yerində verib: “Səid Cavadova bildirdim ki, mənə 700 manat və ya bir az daha çox məbləğdə pul vəsaiti lazımdır. O öz kartını mənə öz razılığı ilə verdi və məbləğdən istifadə edə biləcəyimi bildirdi. O, Dubaya işlə əlaqədar gedən zamanı kartı ona təhvil vermişəm və bildirmişəm ki, mümküniyyət daxilində ona olan borcumu qısa zamanda karta mədaxil edəcəyəm. Lakin maddi durumum çətin vəziyyətə düşdüyünə görə pulu karta mədaxil edə bilməmişəm.
Səid Allahverdiyev məhkəmə çıxışı zamanı özü təsdiq etdi ki, əvvəllər ondan iki dəfə 300 və 400 manat məbləğində borca pul alaraq, vaxtında qaytarmışam. Bütün bu faktlar sübut edir ki, mənim Səid Allahverdiyevə qarşı heç bir dələduzluq niyyətim olmayıb.
Bu hadisədən sonra Səidlə telefon əlaqəsi saxlamışam və həmçinin iş yerində görüşmüşəm, üzrxahlıq etmişəm. Həmçinin Səid mənə o zamanlar təklif edib ki, gəl sənin adına “Maqnit” kredit təşkilatından 2 televizor götürək, bununla da mən banka olan borcu ödəyim. Buna razılıq versəm də, qeydiyyatım polis idarəsinə olduğu və işsiz olduğum üçün bu təklif gercəkləşidrmək mümkün olmayıb. Bu 3 nəfər şəxs məhkəmə zamanı çıxışlarında bildiriblər ki, məndən heç bir şikayətləri yoxdur, yalnız borc verdikləri pul vəsaitlərini geri tələb edirlər. Yəni, məsələ mülki mühakimə icraatına aid edilməlidir”.
Təqsirləndirilən şəxs istintaq zamanı “qumar” terminindən istifadə edilməsinə münasibət bildirib: “İş materiallarından göründüyü kimi, mən borclarımı qaytarmaq məqsədilə bir qisim pul vəsaitini idman mərc oyunlarında iştirak edərək uduzmuşam. Cinayət Məcəlləsinin 244-1 maddəsinin qeyd hissənin bəndlərini nəzərinizə çatdırmaq istərdim. “Qumar oyunu” dedikdə, pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun başa düşülür.
Lotereyalara və idman mərc oyunlarına bu maddənin qüvvəsi şamil edilmir. Yəni ki, idman mərc oyunlarında iştirak etmək “qumar” termininə aid edilmir. İdman-mərc oyunlarına pul vəsaiti qoymaq məqsədilə “Topaz” şirkəti fəaliyyət göstərir”.
Sahib Ağayev çıxışının sonunda apelyasiya şikayəti üzrə qərarın onun xeyrinə çıxarılmasını hakimlərdən xahiş edib. O, ittiham olunduğu maddələr üzrə bəraət hökmünün çıxarılmasını istəyib.
Tərəfləri dinləyən hakim heyəti sonda apelyasiya şikayətinin qismən təmin edilməsi barədə qərar qəbul ediblər.
Qərara görə, Sahib Ağayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi həmin məcəllənin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsinə tövsüf edilib. Həmin maddə ilə Sahib Ağayev 5 min manat cərimə olunub, onun həbsdə yatdığı 10 ay 28 gün də hökmə əlavə edilib və onun barəsinə təyin edilmiş cərimə cəzası 1500 manata endirilib.
Həmçinin Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cəza təyin etmə müddəti bitdiyini nəzərə alan hakim kollegiyası həmin maddəni ittihamdan xaric edib. Bankın mülki iddiası təmin edilməyib.
Hacı Zeynalov