30 Sentyabr 2015 16:15
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə taksi sürücüsünə qarşı quldurluq etməkdə təqsirli bilinən 34 yaşlı Natiq Əliyev, 25 yaşlı Tural Quliyev, 27 yaşlı Ceyhun İsayev, 26 yaşlı Emil Məlikov, onun qardaşı, 20 yaşlı Elnur Məlikovun barəsində ittiham hökmünün çıxarılmas ilə bağlı Baş Prokurorluğun protestinə baxılıb.

Teleqraf.com xəbər verir ki, ibtidai istintaq zamanı Natiq Əliyev, Tural Quliyev, Emil Məlikov, Elnur Məlikov və Ceyhun İsayevə Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci (quldurluq) maddələri ilə ittiham verilib. Guya onlar 23 fevral 2013-cü il tarixdə, təxminən saat 22.00-da Keşlə qəsəbəsində taksi sürücüsü Yusif Murudova qarşı quldurluq planı qurublar. Onlar Yusifə idarə etdiyi “VAZ-21074" markalı avtomobilinin içində həyatı və ya sağlamlığı üçün təhlükəli olan zorakılıq ediblər. Dəstə üzvləri taksi sürücünə bıçaqla hədə-qorxu gələrək 36 manat pulunu alıblar.

Dəstə üzvləri ayrı-ayrılıqda həbs olunublar. Hadisədən bir gün sonra Natiq Əliyev, Tural Quliyev və Ceyhun İsayev, onlardan bir necə saat sonra isə Elnur Məlikov tutulub.

İstintaq orqanının gəldiyi nəticəyə görə, Elnur Məlikov 24 fevral 2013-cü il tarixdə, saat 13.00-da “Əhmədli” qəsəbəsində istintaqa məlum olmayan mənbədən 0,255 qram çəkidə narkotik vasitə heroin əldə edib. O, həmin narkotik vasitəni üstündə saxlayıb.

Həmin gün saat 19.00-da Nizami rayonu Babək prospektində yerləşən “Söyüdlü” kafesində Elnur Məlikov Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. O, 23-cü polis bölməsinə gətirilib, bölmədə Elnurun üzərinə baxış zamanı onda da narkotik vasitə aşkarlanıb.

Elnurun böyük qardaşı Emil Məlikovdan 0,280 qram çəkidə heroin əldə edib və üzərində saxlayıb. O, aprelin 18-də Azərbaycanı tərk etmək istəyərkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb və 23-cü polis bölməsinə gətirilib. Ondan da narkotik vasitə tapılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Natiq Əliyev, Tural Quliyev, Ceyhun İsayevə bəraət verilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar. Emil və Elnur Məlikov qardaşlarına quldurluq ittihamı üzrə bəraət verilsə də, onlar azad edilməyiblər. Çünki hər iki qardaş həbs olunan zaman üzərlərindən narkotik vasitə aşkar olunub.

Narkotik ittihamı ilə mühakimə olunan Emil 3 il, Elnur 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmə Məlikov qardaşlarına narkomaniyadan əziyyət çəkdikləri üçün məcburi müalicə təyin edib. Məhkəmə cinayət işinin ibtidai istintaqını aparan Nizami rayon Polis İdarəsinin müstəntiqləri Rüfət Allazov və Əli Əhmədovun barələrində xüsusi qərar çıxarıb. Qərar icra olunması üçün müvafiq quruma göndəriləcək.

Baş Prokurorluğun apelyasiya protesti Bakı Apelyasiya Məhkəməsində təmin edilməyib. Bu səbəbdən Ali Məhkəməyə kasasiya şikayəti verilib.

Hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, prokurorluğun protesti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər