İrandan Azərbaycana narkotik gətirən mütəşəkkil dəstənin üzvləri cəzalandırıldı
İrandan Azərbaycana külli miqdarda narkotik gətirməkdə ittiham olunan Azərbaycan vətəndaşlarından ibarət daha bir qrupun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Cinayət işində adı hallanan şəxslərin hamısının bir-biri ilə qohumluq əlaqələri olub.
İttihama görə, Fəqan Şəbiyev, Çingiz Şəbiyev, Sevinc Ağalarova və Anar Məmmədov şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının ərazisində olan digər şəxslə və qeyriləri ilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə giriblər. Onlar bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətirdiblər.
Belə ki, qrup üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən İrandan 200 qram narkotik vasitə olan həşiş qətranı gətizdirmək barədə Anar Məmmədovun 2013-cü ilin aprel ayının əvvəllərində Bakı şəhərində verdiyi sifarişini qəbul etdikdən sonra Fəqan Şəbiyev həyat yoldaşı Sevinc Ağalarova ilə birlikdə əvvəlcədən tanıdıqları, şəxsiyyəti istintaqa məlum olmayan İran ərazisində olan digər şəxslə mobil telefon vasitəsilə əlaqə saxlayıb. Ər-arvad ona 4488,89 qram olan qurudulmuş marixuananı və 1977,04 qram olan həşiş qətranını qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə göndərməsini sifariş edib. Fəqan Şəbiyev həmin şəxslə narkotik vasitə olan qurudulmuş marixuananın bir kiloqramını 3000 ABŞ dollarına, həşiş qətranının bir kiloqramını isə 2000 ABŞ dollarına almaq barədə razılığa gəlib. O, 5000 ABŞ dolları məbləğində pulu İranda olan həmin şəxsə avans kimi göndərib.
İran vətəndaşı 2013-cü il mayın 15-dən 16-na keçən gecə narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsini təşkil edib. O, həmin narkotik vasitəni Cəlilabad rayonu ərazisinə göndərib və bu barədə telefonla Sevinc Ağalarova vasitəsilə Fəqan Şəbiyevə məlumat verib. Narkotik vasitəni Fəqan Şəbiyev gizlətmək üçün atası Çingiz Şəbiyevə tapşırıb. Mayın 16-da Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində qrup üzvləri ifşa edilib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətməkdə iştirakçılıq), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunublar. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Məmmədov və Çingiz Şəbiyev 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Digər təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilərək, onların barəsində şərti cəza təyin olunub.
“Dərhal həmin təkliflə razılaşdım”
Bir müddət əvvəl Anar Məmmədov və Çingiz Şəbiyevin apelyasiya şikayətinə Şirvan Apelyasiya Məhkəməsində baxılıb və onların barəsində olan cəza 5 ilə endirilib. Amma Baş Prokurorluq kasasiya şikayəti verib və Ali Məhkəmədə təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi ilə bağlı çıxarılan qərar ləğv edilərək, iş yenidən araşdırılması üçün apelyasiya instansiyasına göndərilib. Bu dəfə şikayət hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Cinayət işi üzrə ifadə verən Fəqan Şəbiyev bildirib ki, 2012-ci ilin oktyabr ayında müalicə məqsədi ilə İran İslam Respublikasının Rəşt şəhərinə gedib və orada Hafiz adlı taksi sürücüsü ilə tanış olub: “Söhbət zamanı Hafiz adlı şəxs mənim işsiz və maddi cəhətdən aşağı imkanlı olduğumu bilərək, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmağı təklif etdi. Həmin şəxs pulun bir hissəsini əvvəlcədən, qalan hissəsini isə satdıqdan sonra göndərmək şərti ilə mənə Azərbaycan ərazisində satmaq üçün İran İslam Respublikasından istənilən növ narkotik vasitəni göndərmək iqtidarında olduğunu və narkotik vasitə ticarətinin yaxşı qazanc gətirdiyini bildirdi. Həbsdən azadlığa yenicə çıxdığım üçün maddi imkanımı yaxşılaşdırmaq məqsədilə iranlının həmin təklifi ilə dərhal razılaşdım”.
“5000 dolları Hafizə göndərdim”
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2011-ci ildən tanıdığı Anar Məmmədov və Nail Musayevlə 2013-cü ilin aprel ayının əvvəllərində Bakı şəhərində hər biri ilə ayrı-ayrılıqda görüşüb: “Onlara İrandan narkotik vasitə gətirmək imkanımın olduğu barədə bildirdim. Həmin şəxslər bu təklifimlə razılaşdı. Nail Musayev satmaq üçün gətirə biləcəyim miqdarda qurudulmuş marixuana, Anar Məmmədov isə satmaq üçün 200 qram həşiş qətranı sifariş verdi. Həmin sifarişləri qəbul etdikdən sonra 2013-cü il aprel ayının ortalarında şəxsiyyəti istintaqa məlum olmayan Hafiz adlı şəxslə dəfələrlə telefonla əlaqə saxlayaraq, ondan bir kiloqramının qiyməti 3000 ABŞ dolları olmaqla 5 kiloqram qurudulmuş marixuana və bir kiloqramı 1800 ABŞ dolları olmaqla 2 kiloqram həşiş qətranı istədim”.
Fəqan Şəbiyev bildirib ki, aprelin 21-də, saat 11:51-də Hafiz adlı şəxslə yenidən telefonla danışıblar: “Hafiz həşiş qətranının bir kiloqramının bir qədər baha, yəni 2000 ABŞ dollarına göndərə biləcəyini bildirdi, bu qiymətlə razılaşdım. Hafizlə narkotik vasitələrin qiymətini razılaşdırdıqdan sonra həşiş qətranının 1 qramını Anar Məmmədova 3 manata, qurudulmuş marixuananın bir kiloqramını Nail Musayevə 5000 ABŞ dollarına satmaq barədə həmin şəxslərlə razılıq əldə etdim. Sifariş verərək əldə etdiyim həşiş qətranının qalan hissəsini istintaqa məlum olmayan şəxslərə hissə-hissə satmağı planlaşdırdım. Nail Musayev sifariş verdiyi 5 kiloqram qurudulmuş marixuanaya görə ödəyəcəyi 25000 ABŞ dolları məbləğinin bir hissəsini, yəni 1800 manatı mənə verərək, məbləğin qalan hissəsini isə narkotik vasitəni əldə etdikdən sonra verəcəyini bildirdi. Narkotik vasitələrə görə ödəyəcəyim məbləğin bir hissəsini, yəni 5000 ABŞ dolları məbləğini əvvəlcədən avans kimi 25 aprel 2013-cü il tarixdə Hafizə göndərdim”.
“Atam etiraz etdi, amma...”
Təqsirləndirilən şəxs qeyd edib ki, 2013-cü ilin may ayında o və həyat yoldaşı Sevinc Ağalarova dəfələrlə narkotik vasitələrin göndərilməsi barədə Hafizlə telefonla danışıb: “Hafiz mənə telefon danışıqlarında İran-Azərbaycan sərhədində nəzarətin güclü olması səbəbindən narkotik vasitələri qaçaqmalçılıq yolu ilə göndərməkdə problemlə üzləşdiyini bildirdi. Narkotik vasitələri Azərbaycan ərazisində atam Çingiz Şəbiyevin Cəlilabad rayonunda yaşadığı evə göndərməsi barədə Hafizi təlimatlandıraraq bu barədə əvvəlcədən atamı da xəbərdar etdim. Hafiz Cəlilabaddakı evimizə satmaq üçün narkotik vasitə göndərəcəyini bildirdi. Atam əvvəlcə İrandan narkotik gətirməyimə etiraz etdi. Amma maddi imkanımızın aşağı olmasını, Bakı şəhərində yaşamaq üçün mənzil almağa, həmçinin həbsdə olan qardaşımın ailəsini də saxlamaq üçün pula ehtiyacın olduğunu atama bildirdim. Bundan sonra atam İrandan narkotik gətirməyimə və mənə köməklik etməyə razılıq verdi”.
Fəqan Şəbiyevin sözlərinə görə, 2013-cü il may ayının 15-dən 16-na keçən gecə Hafiz narkotik vasitələrini artıq Azərbaycan ərazisinə göndərməsi barədə onu xəbərdar edib: “Atam ilə telefonda üstüörtülü şəkildə danışaraq, İrandan Azərbaycana mənim üçün göndəriləcək içərisində narkotik vasitə olan bağlamanı Cəlilabad rayonunda yaşadığı evin həyətyanı sahəsindən götürməyi, mən Bakı şəhərindən rayona gələnə kimi evdə bir kənarda saxlamasını tapşırdım. Mayın 16-da, səhər saatlarında içərisində narkotik vasitə olan bağlamanın artıq Cəlilabad rayonundakı evimizdə olduğunu bildikdən sonra həmin ünvana gedərək, narkotik vasitələri götürməyi və Bakı şəhərinə qayıtmağı planlaşdırdım. Elə həmin gün Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhərində saxlanıldım”.
“Saxlanılacağımdan qorxaraq...”
Digər təqsirləndirilən Anar Məmmədov deyib ki, Fəqan Şəbiyevi 2008-ci ildən, onun atası Çingiz Şəbiyevi isə təxminən 2005-ci ildə Bakı şəhərində 3-cü mikrorayon dairəsinin yaxınlığındakı ərazidə birlikdə taksi kimi fəaliyyət göstərən vaxtlardan tanıyıb: “Hətta Fəqan Şəbiyevin evində, oğlunun sünnət toyunda da iştirak etmişəm. 2009-cu ildən narkotik vasitə olan marixuana və həşiş qətranının istifadəçisi olmuşam. Narkotik vasitələrin istifadəçisi olduğum barədə məlumatlı olan Fəqan Şəbiyev 2011-ci ilin əvvəllərində Bakı şəhərində, ”Şamaxinka" deyilən ərazidə çayxanaların birində görüşən zamanı mənə münasib qiymətə həşiş qətranı və ya marixuana satmaq imkanının olduğunu dedi. Narkotik vasitəni lazım olanda təhlükəsiz şəraitdə tanıdığım və etibar etdiyi şəxsdən alaraq istifadə etmək məqsədi ilə 2013-cü ilin aprel ayının əvvəllərində Bakı şəhərində Fəqan Şəbiyevlə görüşərək, istifadə etmək üçün bir qramı 4 manata olmaqla, ümumilikdə 200 manatlıq, yəni cəmi 50 qram narkotik vasitə olan həşiş qətranı sifariş verdim. Fəqan Şəbiyev bir neçə gündən sonra İrandan həşiş qətranı gətirə biləcəyini dedi. Bu razılaşmadan sonra narkotik vasitənin gecikdiyini gördüm və telefonlarla Fəqan Şəbiyevlə əlaqə saxladım, hətta bir dəfə şəhərdə də görüşərək, ondan “malın” niyə gecikdiyini soruşdum. Fəqan Şəbiyev isə narkotik vasitəni Azərbaycan tərəfə keçirməkdə bir qədər çətinliklər olduğunu, narkotik vasitənin sərhədi keçən kimi mənə xəbər edəcəyini bildirdi. Bu danışıqdan sonra Fəqan Şəbiyevin Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanıldığını eşitdim və özümün də saxlanılacağımdan qorxaraq istifadəmdə olan bütün telefon nömrələrini sındıraraq atdım".
Tərəfləri dinləyən hakim kollegiyası təqsirləndirilən şəxslərin apelyasiya şikayətlərini təmin etməyib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Hacı Zeynalov