1 Oktyabr 2015 17:45
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı, 1988-ci il təvəllüdlü Elçin Çobanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu il yanvarın 6-da “Sahil” bağında qətl törədilib. Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. Həsən Həsənov hadisə yerində ölüb.

Elçin Çobanov həyat yoldaşı Leyla Çobanovanı Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetindən gətirərkən Həsən Həsənovun gəzdirdiyi it onun yoldaşına hürməyə başlayıb. Elçin Çobanov buna görə əsəbiləşib və Həsən Həsənovdan itini kənara çəkməyi tələb edib. Oğlan bu tələbin qarşılığında itin ağzının bağlı olduğunu, qızlara xəsarət yetirə bilməyəcəyini deyib. Tərəflər arasında mübahisə yaranıb və Elçin Çobanov üzərində gəzdirdiyi bıçağı çıxararaq əvvəlcə Həsən Həsənova, sonra isə söhbətə müdaxilə edən Orxan Məmmədzadəyə zərbə endirib. Daha sonra o, həyat yoldaşı ilə birlikdə hadisə yerini tərk edib.

Elçin Çobanov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham edilir.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Daha sonra ifadə verən Elçin Çobanov ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, mərhumu öldürmək niyyəti olmayıb.

Onun sözlərinə görə, yanvarın 6-da, saat 18.40-da həyat yoldaşını Azərbaycan Perdaqoji Universitetindən aparmağa gəlib: “Yoldaşım və 3 rəfiqəsi axsam hava qaraldığına görə mənimlə gedirdi. Qızlar qabaqda gedirdi. Mən isə onlardan beş-altı addım geridə gedirdim. Sahil bağında köşkün yanından keçəndə gördüm ki, qabaqdan idmançı görkəmində iki oğlan gəlir. Onlar it gəzdirirdilər. İt qızlarının yanından keçəndə hürməyə başladı. Qızlar qorxdular. İt gəzdirənlərdən Həsən Əliyev qızlara dedi ki, qorxmayın it dişləmir, sonra da güldü. Qızlar yollarını davam elədi”.

Təqsirləndirilən qeyd edib ki, daha sonra it gəzdirən uşaqlara yaxınlaşıb. Onun sözlərinə görə, həmin vaxt Həsən Həsənov və Orxan Məmmədzadə ilə söhbət eləyib: “Həsənə dedim ki, bu iti bir az möhkəmə saxlayın ki, camaatın üstünə cummasın. Həm də itin ağzında ağızlıq olmadığı üçün etirazımı bildirdim. Onlar mənimlə mübahisə eləməyə başladı. İlk öncə Orxan belindəki idman çantasını yerə qoyaraq mənimlə söyüşlə danışmağa başladı. Mən onlardan nömrələrini istədim. Dedim ki, indi yanımda adam var, sonra görüşək, bu məsələni yoluna qoyaq. Onlar nömrə vermək əvəzinə söyüş söyməyə başladılar. Həsən və Orxan məni itələyə-itələyə qırağa çəkirdilər. Dalınca mənim ayağıma, sinəmə yumruqlar endirdilər. Cibimdəki bıçağı çıxararaq onları qorxuzmaq istədim. Amma özüm də bilmədən birinci Orxan 2 zərbə vurdum, dalınca Həsənə 1 zərbə endirdim. Onları sadəcə qorxutmaq istədim. Hər ikisi idmançı idi. Buna görə də onlara gücüm çatmırdı. İti də üstümə hürdürürdülər. Mən dülgərəm. Cibimdə bıçaq, metrə və karandaş olur. Həmin bıçağı da elə ona görə götürmüşdüm. Mənim onları öldürmək niyyətim olmayıb. Bu yaşıma qədər heç bir qanunsuz hərəkət eləməmişəm. Hadisədən sonra şoka düşdüm. Buna görə də hadisə yerindən qaçdım”.

O, qeyd edib ki, axşamı Həsənin öldüyünü eşidib və dərhal polisə gedərək təslim olub.

Hadisə zamanı bıçaq xəsarəti alan Orxan Məmmədzadə ifadə verib. O, bildirib ki, Həsənlə 3 ildən artıqdır dostluq edib: “Mən peşəkar boksçuyam. Həsən də qaydasız döyüşlə məşğul olub. Biz bir yerdə işləmişik. Yarışımla əlaqədar işdən çıxmışdım. Həsənlə vaxt olduqca görüşdürdük. Həsən də bizlə məşq eləmək istədiyini demişdi. Mən müəllimlə danışmışdım. O, razılaşmışdı. Hadisə olan günü Sahil bağında görüşdük. İdmanla bağlı danışırdıq. Həsən qohumunun itini gəzdirirdi...”

Məhkəmə prosesi oktyabrın 9-da davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər