Bakının Sabunçu rayonunda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub.
Teleqraf.com xəbər verir ki, hadisə Bilgəh-Nardaran yolu, 93 ünvanında yerləşən ABU yanacaqdoldurma məntəqəsində baş verib.
“VAZ-2107” markalı avtomobillə 3 nəfər naməlum şəxs yanacaqdoldurma məntəqəsinə basqın ediblər. Onların üzlərində maska olub. Qarətçilərdən birinin əlində ov tüfəngi, digərlərinin əlində isə dəmir parçası olub.
Naməlum şəxslər yanacaqdoldurma məntəqəsinin növbə rəisi, 1987-ci il təvəllüdlü Orxan Hacıyevi hədələyiblər. Onlar məntəqənin kassasında olan 3922 manatı götürüblər. Qarətçilər həmçinin nəzarət müşahidə kamerasının yaddaş blokunun diskini götürərək hadisə yerindən qaçıblar.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməkdaşları cinayəti törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbirləri görürlər.
Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov