5 Oktyabr 2015 18:12
1 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan qardaşına qarşı dələduzluq etməkdə təqsirli bilinən Fəxrəddin Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Prokuror Fəxrəddin Dadaşovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra hakimlər qərar qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər Fəxrəddin Dadaşovun 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm elan ediblər.

İttihama görə, Fəxrəddin Dadaşov həbsdə yatan qardaşı Firudin Dadaşovun 174 min manat pulunu mənimsəyib. Firudin Dadaşovun ailəsi Tural adlı şəxslə tanış olub.

Tural Firudinin həbsxanadan azad olunması üçün onlardan 174 min manat pul alıb. Tural söz verdiyi əməli reallaşdıra bilməyib. Ailə onu məhkəmə verib. Tural həmin məbləği natorial qaydada Fəxrəddin Dadaşova qaytarıb.

Bundan sonra Fəxrədin Dadaşov qardaşını həbsxanadan çıxaracağı bildirsə də, həmin pulu mənimsəyib. 7 ildən artıq bir müddətdə o puldan az miqdarda həbsxanadakı qardaşına verib. Pulun sahibi Firudin Dadaşov isə qardaşı tərəfindən aldadıldığını iddia edərək şikayət verib. Polis əməkdaşların əməliyyat-axtarış tədbirləri nəticəsində Fəxrəddin Dadaşov saxlanılıb.

Qeyd edək ki, zərərçəkən Firudin Dadaşovu 2008-ci ildə MTN-nin əməliyyat-axtarış şöbəsinin əməkdaşları 67 kq narkotik maddə ilə saxlamışdı. O, Ağır Cinayətlərin Məhkəməsinin hökmü ilə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: