İraq Şam İslam Ordusu (İŞİD) terror təşkilatının Suriya ərazisində olan qanunsuz silahlı birləşmələrində iştirakda ittiham olunan İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Telman Bəkirov və Masallı rayon sakini, 1990-cı il təvəllüdlü Mübariz Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Teleqraf.com xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir.
Təqsirləndirilən şəxsləri Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları həbs edib.
Telman Bəkirov və Mübariz Tağıyev 2014-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İŞİD” terrorçu təşkilatın fəaliyyətində iştirak ediblər.
Hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə Telman Bəkirov ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib: “İttiham aktında yazılanlar düzgün deyil. Mənimlə birlikdə mühakimə olunan Mübariz Tağıyevi cəmi iki dəfə görmüşəm. İlk dəfə onunla məhkəmənin tanışlıq prosesində görüşmüşük. Bu da ikinci görüşümüzdür. Namaz qılmaq, saqqal saxlamaq mənim əqidəmlə bağlıdır”.
“Şahidlərim var”
Təqsirləndirilən şəxsin sözlərinə görə, Suriya ərazisində olmayıb. O, Gürcüstana, oradan da işləmək məqsədilə Türkiyəyə getdiyini söyləyib: “Türkiyənin Anayurd şəhərində işləmişəm. Türkiyədə cəmi 1 ay 8 gün qalmışam. Həmin müddətdə bir neçə dəfə səfirlikdə olmuşam. Bu da sənədimin itməsi ilə bağlıydı. Mənim şahidlərimdə var”.
Telman Bəkirov qeyd edib ki, ibtidai istintaqda müdafiəçi ilə təmin edilib, ancaq aparılan istintaq hərəkətləri zamanı yanında vəkil olmayıb: “İstintaq ifadələrimi oxumamışam, ifadələri təzyiq altında imzalamışam. Ordakı imza mənə məxsusdur. Suriyada olmağımla bağlı ifadəmdə yazılanları isə təsdiq etmirəm”.
Təqsirləndirilən şəxs bildirib ki, 2011-ci ildən əhli-sünnə məzhəbi üzrə namaz qılıb və ibadət edib: “İsmayıllı rayonunda məscidə getmişəm, namaz qılıb, Allaha ibadət etmişəm. Sonra işimlə bağlı Bakının Müşviqabad qəsəbəsində kirayədə yaşamışam. Qəsəbədəki məscidə namaz qılmağa getmişəm. Məsciddə, yaxud həmin ərazilərdə heç kimlə əlaqə saxlamamışam. Sonradan Samir Qafarov adlı şəxslə münasibətim yaranıb. Amma onunla da hər hansı söhbətimiz olmayıb”.
Prokuror bildirib ki, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaqdakı ifadəsi arasında kəskin ziddiyyət var. O, istintaqa verilmiş ifadənin məhkəmədə elan edilməsini istəyib.
Prokurorun istəyi nəzərə alınıb və ifadə elan edilib.
“İŞİD-ə qoşulmağın yollarını soruşdum”
Telman Bəkirov istintaqa ifadəsində göstərib ki, 2011-ci ildən ibadət etməyə başlayıb: “2013-cü ildə təxminən 25-30 yaşlı Samir Qafarovla tanış oldum. İŞİD-in tərkibinə qoşulmaq istədiyimi bildirdim və ondan Suriyaya getməyin yollarını soruşdum. Samir də Zəkəriyyə adlı tanışı vasitəsi ilə məni Suriya ərazisinə keçirməyin mümkün olduğunu bildirdi.
2015-ci ilin yanvarında Samir dedi ki, Cavad adlı şəxs İŞİD-ə qoşulmaq məqsədilə Suriyaya gedib. Cavada pul lazım idi. Samir Cavadın mənə zəng edəcəyini söylədi, ona lazım olan pulu götürərək ora getməyi tapşırdı.
Bir neçə gündən sonra Cavad zəng edərək, “Neftçilər” metrosu yaxınlığında bir şəxsdən 400 dollar götürüb onun yanına gəlməyimi istədi. Mən də onun dediyi kimi həmin ərazidə naməlum şəxsdən pulu götürdüm, sonra Gürcüstan vasitəsi ilə Türkiyənin Qazeantep şəhərinə gəldim. Orada Zəkəriyyə ilə görüşdüm”.
“Bizə silahla davranmaq qaydalarını öyrədiblər”
Təqsirləndirlən şəxsin sözlərinə görə, Zəkəriyyə onun əlindən ümümvətəndaş pasportunu və digər sənədlərini alıb: “Yanvarın 21-də Zəkəriyyənin yardımı ilə Suriya ərazisinə keçdim. Məni Rakka şəhərində bir evə gətirdilər. Həmin evdə 10 nəfərə yaxın Azərbaycan vətəndaşı vardı. Rakkada iki gün qaldım.
Sonra bizi İraqa apardılar, orada Abdulhəmid adlı azərbaycanlının camaatına qoşuldum. Mübariz Tahirovla orda tanış oldum. 4 gün təlimlərdə iştirak etdim. Mənə “Kalaşnikov” markalı avtomat verdilər. Həmin silah məndə qalsa da, istifadə etmədim. Bizə silahla davranmağın qaydalarını öyrətdilər”.
“Silahı başıma dirədilər”
Telman Bəkirovun bildirdiyinə görə, 2015-ci ilin fevralında Azərbaycana qayıtmaq fikrinə düşüb: “Buna görə də sərhədə gələrək, İŞİD-in postuna yaxınlaşdım. Onlara Azərbaycana getmək istədiyimi bildirdim. Amma orada dayananlar silahı başıma dirədilər və geri qaytardılar. Düşərgədə olan başçı ölkəmə qayıtmağıma icazə verdi. Bundan sonra Türkiyəyə gəldim. Sənədlərim özümdə olmadığı üçün səfirliyə müraciət etdim”.
Telman Bəkirov məhkəmədə bir daha bildirib ki, Türkiyəyə işləməyə gedib. Onun sözlərinə görə, Azərbaycanda qaynaqçı işləyirmiş: “Burada işlədiyimin haqqını vermirdilər. Bu səbəbdən ailəmi dolandıra bilmirdim. “Odnoklassniki”də Hasan (Hasan adlı şəxs Türkiyədə yaşayır, bundan əvvəl də İŞİD-ə qoşulan azərbaycanlıları Suriyaya o, keçirib–H.Z.) adlı şəxslə tanış oldum. O, Türkiyədə iş olduğunu, işləmək üçün ora gəlməyimi təklif etdi. Ailə vəziyyətim ağır olduğu üçün təkliflə razılaşdım. Anamı, həyat yoldaşımı, iki azyaşlı uşağımı götürərək, Türkiyəyə getdim. Orada işlədim.
Suriya və yaxud İraq ərazisinə keçməmişəm. Sənədlərimi itirdiyim üçün səfərliyə müraciət etdim. Bundan sonra Azərbaycana qayıtmışıq”.
“Suriyaya əqidəmlə bağlı getmək fikrinə düşmüşəm”
Digər təqsirləndirilən Mübariz Tahirov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, deyib ki, orta məktəb oxumayıb, 13 yaşından fərdi əməklə məşğul olub: “Orta təhsil almamışam, savadım yoxdur. Əsgərlikdən qayıtdıqdan sonra işləmək məqsədilə bir müddət Rusiyada oldum. Qayıtdıqdan sonra Bakıda müxtəlif yerlərdə fəhləlik edirdim.
İnternet klublardan birində Şirxan adlı şəxslə tanış oldum. Ona Suriyaya getmək fikrinə düşdüyümü bildirdim. Şirxan Rəsul Mahmudov adlı bir şəxsin Suriyaya getməyə hazırlaşdığını, məni də ona qoşaraq Suriyaya getməyimə kömək edə biləcəyini dedi. Şirxan məni Rəsulla tanış etdi.
Mən Suriyaya əqidəmlə bağlı getmək istəmişəm. Oranı başqa cür təsəvvür edirdim. Rəsulla birlikdə Qazantep şəhərinə, oradan da Suriya ilə sərhədə getdim. Sərhəddə Suriyanın mən fikirləşən kimi olmadığını gördüm. Bu səbəbdən Suriya ərazisinə keçmədim.
Amma Rəsul Mahmudov Suriya ərazisinə keçib, İŞİD-ə qoşuldu. Bundan sonra ondan xəbər tutmadım. Geri qayıtmaq istəsəm də, buraxmadılar. Məni orada bir evdə saxladılar. Saxlayanlar vəhhabilər idi. Mənə deyirdilər ki, geri dönməyin yeri yoxdur, səni polislər həbs edəcək. Bir neçə gün qaldıqdan sonra Azərbaycana qayıtdım”.
Şahid qismində ifadə verən Telman Bəkirovun dayısı Tahir Hüseynov bildirib ki, bacısı oğlunun Suriyaya getdiyini qohumlarından eşidib: “Bacım ağlaya-ağlaya mənə zəng elədi. Bildirdi ki, Telman Suriyaya gedib. Sonradan Telman Azərbaycana qayıtdı. Birlikdə Milli Təhlükəsizlik Nazirliyinə getdik. Orada Telmanı həbs etdilər”.
Məhkəmə iclası oktyabrın 13-də davam edəcək.
Hacı Zeynalov