Türkiyədən Bakıya narkotik gətirib satan şəxslərə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyə vətəndaşı Atilla Boran və Tovuz rayon sakini Ramil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Atilla Boran bir qrup şəxslə əlbir olaraq ölkəyə gizli yollarla narkotik vasitə və psixotrop maddələr gətirib satmaq barədə Ramil İsmayılovla razılığa gəlib. Bu məqsədlə ötən ilin yanvar ayından etibarən Bakı-İstanbul marşrutu üzrə hərəkət edən avtobuslarla yüklərin içində dəfələrlə külli miqdarda narkotiki Bakıya göndərib.
Atilla Boranın əməlləri barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olandan sonra həmin idarənin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə 35 yaşlı Atilla Boran 2014-cü il sentyabrın 22-də Nərimanov rayonu ərazisində saxlanılıb. Onun üstündən, eləcə də yaşadığı evdən 40 qramdan çox kokain, 30 büküm sintetik üsulla hazırlanmış güclü təsirə malik banzay və 50 ekstazi həbi aşkarlanaraq götürülüb.
İstintaq araşdırması zamanı Atilla Boranın biznes ortağı da məlum olub. Onun Tovuz rayon sakini, 28 yaşlı Ramil İsmayılovla əlbir olaraq dəfələrlə Türkiyədən qaçaqmalçılıq yolu ilə ölkəmizə müxtəlif tərkibli narkotik maddələr gətirdiyi aşkarlanıb.
Əməliyyat-axtarış tədbirlərini davam etdirən polis əməkdaşları ertəsi gün Ramil İsmayılovu da yaxalayıblar. Saxlanılarkən Ramil İsmayılovun üstündən 15 qram kokain və 30 ekstazi həbi aşkarlanaraq maddi sübut kimi götürülüb. O da məlum olub ki, ölkəmizə narkotik maddə gətirərək satmaq təklifini Atilla Boran verib. Ramil İsmayılov isə dəfələrlə Atilla Borana pul verərək Türkiyəyə göndərib və kokain, banzay, həmçinin ekstazi gətirməyi tapşırıb. Narkotik tərkibli maddələr gizli yollarla Bakıya gətirilib və satılıb. Əldə edilən pullar isə bölüşdürülüb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2-ci (təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 234.4.1, 234.4.2-ci (qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, təkrar narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə təqsirli biliniblər.
“Son vaxtlar borca düşmüşdüm”
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs qismində dindirilən Atilla Boran ona elan olunmuş ittihamlarla özünü təqsirli bilib. O, 5 ilə yaxın Bakıda bizneslə məşğul olub, son bir ildə narkotik satışına girişib: “Qadın və kişi bərbərxana ləvazimatlarının satışı ilə məşğul olurdum. Son vaxtlar ziyana uğramışdım, borca düşmüşdüm, maddi vəziyyətim çox pis idi, gəlir yerim yox idi.
Ramili saç ustası Batuhanın vasitəsilə tanımışam. Tanış olandan təxminən iki-üç ay sonra belə qərara gəldik ki, birlikdə Türkiyədən kokain, ekstazi həbləri gətirib sataq, qazancı yarı bölək. Narkotik almaq üçün lazım olan məbləği Ramil tapıb verəcəkdi.
Hər dəfə Ramil mənə 5-10 min dollar verir, həmin pulu götürüb Türkiyəyə gedirdim. İstanbulun Ağsaray adlanan məhəlləsində İbrahim adlı şəxsdən kokainin 1 qramını 100 dollara, ekstazi həblərinin 1 ədədini 7-8 dollara, bonzay adlanan sintetik narkotik vasitənin 1 qramını 60-80 dollara alırdım".
Atilla Boran daha sonra bildirib ki, narkotiki bəzən karton qutunun içində, geyim əşyalarının arasında, bəzən də DVD aparatının, mikser qurğusunun içində qablaşdırıb: “Həmin karton qutunu isə karqoya təhvil verir, avtobuslarla Bakıya, özümdən uydurduğum bir adamın adına göndərirdim Karqodan aldığım qəbzdə yükün çəkisi, daşınma qiyməti, malı Bakıda qəbul edəcək şəxsin adını yazırdım. Hər dəfə bir ad uydurub deyirdim. Guya malı Bakıda həmin şəxs gəlib götürəcək. Ona görə belə edirdim ki, birdən karqo ilə göndərdiyim narkotiki sərhəddə gömrükçülər aşkar etsələr, malların mənə məxsus olduğunu bilməsinlər.
Narkotiki göndərəndən sonra təyyarə ilə Bakıya gəlirdim. Mallar 3-4 gündən sonra “Xətai” metrosunun arxasında yerləşən “TIR” parkına gəlib çatırdı. Qəbzdəki yükün nömrəsini deyirdim, malı götürərək gedirdim. Həmin malları Ramillə birgə Bakıda satırdıq.
Sonuncu dəfə sentyabrın 7-də Türkiyəyə mal gətirməyə getdim. Aldığım narkotiki DVD aparatının içinə, ayaqqabıya, əşyaların arasına qablaşdırdım və karqoya təhvil verib Bakıya yola saldım. Özüm isə təyyarə ilə Tiflisə, oradan avtobusla Bakıya gəldim.
Yükü təhvil alandan sonra evə gətirib yerbəyer etdim. Kokainin 25 qramını Ramillə görüşüb ona verdim. Yerdə qalanları kirayə yaşadığım mənzildə saxladım. Son vaxtlar özüm də kokaindən istifadə edirdim. 22 sentyabr 2014-cü ildə Nərimanov rayonu ərazisində tək dayanarkən bir neçə mülki geyimli şəxs mənə yaxınlaşdı və polis əməkdaşı olduqlarını dedilər. Üzərimdən narkotik bükümləri, həblər çıxdı. Kirayə yaşadığım evə baxış keçirdilər. Mətbəxdə olan bankadakı bükümləri polislərə təhvil verdim".
“Hərdən özüm də ekstazi həbləri qəbul edirdim”
Təqsirləndirilən şəxs qismində dindirilən Ramil İsmayılov ifadəsində narkotik alveri ilə bağlı təklifin Atilla Borandan gəldiyini göstərib: “Atilla deyirdi ki, maddi vəziyyətim ağırdır, pula ehtiyacım var, əgər pul olsa, Türkiyədən kokain, ekstazi alıb gətirər, burada satarıq. Atillanın maddi vəziyyəti pis olduğuna görə onun təklifi ilə razılaşdım. Hər dəfə Türkiyəyə gedəndə ona 5-8 min dollar verirdim. Atillanın yol xərclərini, yükün daşınma pulunu, narkotik vasitələrin alınmasına sərf olunan pulları mən verirdim. O isə gedib onları Türkiyədən alır, gizli şəkildə Bakıya gətirib çıxarırdı. Yük Bakıya gələndən sonra Atilla ilə sataraq aramızda bölürdük.
Sonuncu dəfə Atilla Türkiyədən gələndən sonra karqo ilə əlaqə saxladı, yükü təhvil alıb narkotikin onda olduğunu mənə dedi. Elə həmin gün görüşdük, mənə 25 qram kokain verdi.
Ertəsi gün Nərimanov rayonunda “Abu Arena” restoranının qarşısında dayanarkən mülki geyimli şəxslər yaxınlaşdılar və narkotik vasitələrin satışı ilə məşğul olmağım barədə onlarda məlumat olduğunu dedilər. Hal şahidlərinin iştirakı ilə üzərimə baxış keçirildi, 30 ekstazi həbi və kokain aşkar edilərək götürüldü. Hərdən özüm də ekstazi həbləri qəbul edirdim".
Məhkəmənin hökmü ilə Atilla Boran 8 il, Ramil İsmayılov 6 il azadlıqdan məhrum edilib.
Hacı İsmayılov