Bakının Binəqədi rayonunda qadın səhər yuxudan oyananda gözlənilməz hadisə ilə üzləşib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Səbinə Yarəhmədova yuxudan oyananda həyətlərində özünə məxsus “Mercedes” markalı 99 RZ 300 dövlət nömrə nişanlı avtomobilinin arxa nömrəsinin üstündə olmadığını görüb.
Səbinə Yarəhmədova bununla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə şikayət edib. Onun şikayəti əsasında polis araşdırma aparıb.
Araşdırmalar nəticəsində Səbinə Yarəhmədovanın avtomobilinin nömrəsinin tanışı, 1974-cü il təvəllüdlü Eldar Paşa oğlu İbrahimov tərəfindən oğurlandığı üzə çıxıb.
Eldar İbrahimov polis əməkdaşları tərəfindən bölməyə gətirilib. O, ilkin dindirilmə zamanı bildirib ki, Səbinə Yarəhmədova ona 1000 manat borcu olub. Onun sözlərinə görə, dəfələrlə Səbinədən istəsə də, pulunu geri qaytarmayıb. O, da məcbur qalaraq gecə saatlarında Səbinə Yarəhmədovanın avtomobilinin arxa nömrəsini açaraq aparıb. Səbinə Yarəhmədova ona olan borcunu qaytarıb və bu səbəbdən də qadın tanışından şikayətçi olmayıb. Eldar İbrahimovun ifadəsi alınandan sonra sərbəst buraxılıb.
Hacı Zeynalov