10 Oktyabr 2015 11:39
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ev sahibini öldürən kirayənişinə 13 il cəza

Qətl hadisəsi törətməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Samir Eynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Samir Eynalov 31 avqust 2014-cü ildə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan Nizami Nuriyevi qətlə yetirib. Hadisənin baş verməsinə səbəb isə mərhumun Samiri görərkən gülməsi olub. Aralarında əvvəllər də ədavət olduğundan Samir Eynalov ondan qisas almaq qərarına gəlib. O, köhnə qonşusu Nizami Nuriyevə bıçaqla zərbələr endirib. Ağır bədən xəsarəti alan yaralı dünyasını dəyişib.

Samir Eynalov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Samir Eynalov elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində mərhumla 2013-cü ildən ədavətlərinin olduğunu göstərib: "Uzun müddətdir "Sədərək" ticarət mərkəzində yük daşımaqla məşğul oluram. Ailəmlə birgə 3 il Sulutəpə qəsəbəsində kirayədə yaşamışam. Kirayə qaldığımız ev Nizami Nuriyevin bacanağı Eldənizə məxsus olub. Nizaminin evi ilə Eldənizin evinin arasında cəmi bir hasar vardı. Nizami ilə əvvəllər münasibətim normal olsa da, sonradan pisləşmişdi.

Münasibətimizin pozulmasına isə ailə daxilində yaranmış problemə Nizaminin müdaxilə etməsi səbəb olmuşdu. Mən sərxoş vəziyyətdə həyat yoldaşım Ülviyyə ilə mübahisə edərkən Nizami qəflətən içəri girmişdi və səs-küy salmağıma görə iradını bildirmişdi. Elə buna görə də mübahisəmiz düşmüş, Nizami məni döymüşdü, üz-gözümü qaraltmışdı. Amma o vaxt nə həkimə, nə də polisə müraciət etmişdim".

Təqsirləndirilən şəxs bildirib ki, hadisənin səhəri günü Nizami onlara gəlib və mənzili boşaltmaqlarını tələb edib: "Nizami qapıda dayanaraq söyüş söyürdü və bildirdi ki, bu evdən bu dəqiqə çıxmalısınız. Nizamini başa saldım ki, əvvəla, bura sənin evin deyil, ikincisi, imkan ver, qoy sağalım, ev tapıb köçəcəm.
Bu hadisədən üç gün sonra qəsəbədə başqa mənzil tapıb ora köçdüm. Düz bir il Nizamini görmədim. Mən ailəmlə birgə o evdən çıxsam da, qaynım Elnur və qaynanam həmin həyətdə qalırdılar.

Hadisə baş verən gün qaynım Elnur əşyalarını çıxarmaqda ona kömək eləmək üçün məni çağırmışdı. Yaxınlıqdakı kafelərin birində yemək yeyib spirtli içki içdim. Nizami ilə yenidən qarşılaşa bilmək təhlükəsi olduğuna görə özümlə bıçaq götürdüm. Qaynımgilə gələndə arvadım dedi ki, Nizaminin həyat yoldaşı Aytəkin ona "siz nə abırsız adamlarsınız, sizi döyüb buradan qovmuşuq, yenidən gəlmisiniz" söyləyib. Ona Nizami ilə özüm söhbət edəcəyimi bildirdim".

Samir Eynalov Nizaminin kinayəli şəkildə ona baxıb güldüyünü görsə də, əvvəlcə heç nə deməyib: "Nizaminin küçədə olmadığını görüb marketə getdim. Amma geri qayıdanda qəflətən üz-üzə gəldik. Ona dedim ki, gəl söhbət edək. O, söyüş söydü, yerdən daş götürərək məni vurdu. Mən də bıçağı çıxararaq Nizamini vurdum. Neçə zərbə vurduğumu xatırlamıram. Onu vurandan sonra taksiyə oturub birbaşa Binəqədi Rayon Polis İdarəsi 40-cı polis bölməsinə getdim".

Zərərçəkmiş şəxs qismində dindirilən Aytəkin Nuriyeva bildirib ki, Nizami Nuriyevlə 2006-cı ildə ailə həyatı qurub. Onun sözlərinə görə, həyat yoldaşı tikintidə çilingər işləyib: "Ailə qurandan sonra bir müddət Sulutəpədə yaşayan bacımın evində kirayədə qaldıq. Sonra Nizami bir sot torpaq aldı, torpaq sahəsinə bir vaqon qoyub orada yaşamağa başladıq. Birgə nikahdan iki qız övladımız var.

Samirgil 2011-ci ildən bacımın evində kirayə qalırdılar. Samir çox vaxt içkili olurdu, arvadı Ülviyyəni mütəmadi döyürdü. Ülviyyənin anası və qardaşı da orada kirayədə qalırdı. Əvvəllər Samirgillə münasibətlərimiz yaxşı idi, bir-birimizin evinə gedib-gəlirdik. Hadisədən bir il əvvəl Samir yenə sərxoş halda arvadını döyən zaman Ülviyyə onun əlindən qaçıb anasıgilə köçmüşdü. Həmin vaxt Samir arvadı ilə birgə qaynanasını da döymüşdü. Onların evində hər gün dava olduğundan ailə işlərinə heç vaxt qarışmırdıq.

Amma həmin gün Ülviyyənin anası Rəhimə gəlib Nizamini köməyə çağırdı. Samiri birtəhər sakitləşdirdilər. Bacıma zəng vurub xahiş etdim ki, Samirgili evdən çıxarsınlar. Bu hadisədən sonra Samir ailəsini də götürüb başqa yerə köçdü.

Hadisə baş verən gün Ülviyyənin anası ilə qardaşı evdən köçüb getməyə hazırlaşırdılar. Nizami ilə oturub həyətdə çay içirdik. Kimsə Nizamiyə zəng vurdu, işlə bağlı söhbət etdilər, sonra Nizami harasa getdi. Bir qədər sonra bacım Tamella bizə gəlib Nizaminin bıçaqlandığını dedi. Küçəyə çıxanda həyat yoldaşımın yolun ortasında yıxılıb qaldığını gördüm".

Məhkəmə şahid ifadələrini dinləyəndən sonra hökm elan edib. Samir Eynalov 13 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif:

Oxşar xəbərlər