13 Oktyabr 2015 20:14
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həkimin evindən oğurluq etməkdə təqsirli bilinən əmioğlular- Elvin Əliyev və onun əmisi oğlu Guməli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Teleqraf.com xəbər verir ki, bu ilin yanvarın 31-də Xətai rayonu ərazisində yaşayan Mircəlal Kazıminin mənzilindən 3000 manat və 7500 ABŞ dolları oğurlanıb. Cinayəti törədən Astara rayon sakini Elvin Əliyev və Guməli Əliyev tutulub.

Araşdırmalar zamanı evdən oğurlanmış qızıl əşyaların Lənkəran şəhər sakini Füzuli Zeynalova satılması müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Füzuli Zeynalov da tutulub.

Qeyd edək ki, Füzuli Zeynalovun işi ayrıca istintaqda araşdırılıb. Bu səbəbdən də yalnız məhkəməyə Elvin Əliyev və onun əmisi oğlu Guməli Əliyevin cinayət işi göndərilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən şəxs qismində Mircəlal Kazımov ifadə verib. O, bildirib ki, cərrah-həkimdir. Mircalal Kazımov evindən oğurluq edilməsindən danışıb: “Həmin vaxt yoldaşım öz rəfiqələri ilə görüşdə olub. Evi boş bilib, qızıl-zinət əşyaları və pul oğurlayıblar. Bir şərtlə onlardan şikayətçi olmaram, desələr heç bir tələbim olmayacaq. Mənə desinlər ki, bunun sifarişçisi kimdir? Onları evimə kim yönəldib? Bu suallarıma cavab versinlər bağışlayım”.

Təqsirləndirilən Elvin Əliyev sifarişçinin olmadığını bildirib. O, çıxışında dəymiş ziyanın hamısının ödənildiyini iddia edib: “Mən evdən apardığım qızılları Lənkəranda zərgərə vermişəm. O boyda qızıl aparmışam cəmi 2400 manata satmışam. Müstəntiqdə həmin zərgərdən gedib qızılları götürüb”.
Məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Qeyd edək ki, evindən oğurluq edilən 1977-ci il təvəllüdlü Kazımi Mircəlal Mirkazım oğlu tanınmış cərrah transplantoloqdur. O, hazırda Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiridir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər