Oktyabrın 14-də Yasamal Rayon Məhkəməsi keçmiş maliyyə naziri Fikrət Yusifovun şikayətinə baxıb. Keçmiş nazir hesab edir ki, qtisadçı ekspert, REAL hərəkatının icra katibi Natiq Cəfərli öz Facebook səhifəsində onu təhqir edib, şərəf və ləyaqətini alçaldıb.
Hakim Sərdar Mehrəliyevin sədrliyi ilə keçirilən prosesdə cavabdeh tərəf iştirak etməyib.
İddiada qeyd olunur ki, Natiq Cəfərli öz Facebook səhifəsində Fikrət Yusifovun işgüzar nüfuzunu pozan ifadələr işlədib. Bununla da gələcəkdə qrant layihələri ala biləcəyinə maneçilik törətməklə ona maddi və mənəvi zərər vurub.
Zərərçəkənin nümayəndəsi Fikrət Yusifova dəyən maddi zərər kimi 45 min manat, mənəvi zərər kimi isə 5 min manatın Natiq Cəfərlidən tutulmasını istəyib.
Hakim Sərdar Mehrəliyev iddiaya cavabdehin də iştirakı ilə baxılmağı doğru bildi və prosesi noyabrın 3-dək təxirə saldı.