Bu gün Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissəsinin ərazisində zabit və gizirlər üçün yeni tikilmiş xidməti yaşayış kompleksinin açılış mərasimi keçirilib.
DİN-dən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov iştirak edib.
Əvvəlcə qarşılanma mərasimi olub, nazir müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov general-polkovnik Ramil Usubova şəxsi heyətin mərasimə hazır olması barədə raport verib.
Nazir yeni binada hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olub. Məlumat verilib ki, inşasına 2014-cü ilin aprel ayında başlanmış beşmərtəbəli bina hər cür zəruri avadanlıqlarla təchiz edilib. Ümumi yaşayış sahəsi 4800 kvadratmetr olan kompleks 60 mənzildən ibarətdir. Ərazidə hərbi qulluqçuların uşaqları üçün oyun meydançası da yaradılıb, abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Ramil Usubov dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin ictimai-siyasi, iqtisadi həyatında, ordu quruculuğunda böyük uğurlar qazanıldığını, daxili işlər orqanlarının maddi-texniki bazasının daha da möhkəmləndiyini, hərbi qulluqçuların sosial-məişət şəraitinin ilbəil yaxşılaşdığını qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin şəxsi heyətin fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyini nəzərə çatdıran nazir buna görə dərin minnətdarlığını bildirib və onu əmin edib ki, Daxili Qoşunların hərbi qulluqçuları qarşıya qoyulan bütün vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, göstərilən böyük etimadı xalqına, Vətəninə, dövlətinə və Prezidentinə sədaqətli xidməti ilə doğruldacaq.
Yeni mənzillərlə təmin olunmuş hərbi qulluqçular və onların ailə üzvləri yüksək diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Daha sonra Ramil Usubov Sumqayıt Şəhər Polis İdarəsinə gələrək yeni təyin olunmuş rəisi təqdim edib.
Şəxsi heyətlə görüşən nazir son illər Şəhər Polis İdarəsinin cinayətkarlıqla mübarizədə və ictimai təhlükəsizliyin təmin olunmasında müsbət nəticələr qazandığını vurğulayaraq uğurların davamlı olmasının, hər bir əməkdaşın öz məsuliyyətini dərk edərək qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqiqncə gəlmələrinin vacibliyini qeyd edib.
Daxili işlər naziri əmin olduğunu bildirib ki, İdarənin şəxsi heyəti respublikanın bu mühüm sənaye mərkəzində asayişin, əmin-amanlığın nümunəvi qorunması və cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz əhəmiyyətli töhfəsini verəcək, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması, vətəndaşların müraciətlərinə operativ reaksiya verilməsi və vaxtında baxılması sahəsində üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirəcək.
Hər iki mərasimdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov iştirak edib.