Goranboyun Ağcakənd qəsəbəsində yaşayış evində partlayış baş verib. ANS PRESS-in verdiyi məlumatına görə, hadisə səhər saatlarında meydana gəlib.
Qonşuların sözlərinə görə, evdə yaşayan Kəlbəcər rayonundan məcburi köçkün İnqlab Qasımov işıqları yandırmaq istəyib. Bu zaman evə sızan qaz partlayışa səbəb olub.
Nəticədə Qasımovlar ailəsinin 4 üzvü, 29 yaşlı İnqlab Qasımov, 28 yaşlı Şəbnəm Qasımova və onların azyaşlı övladları Yaqut və İsa Qsımovlar ağır yanıq xəsarətləri alıb. Qəsəbə sakinlərinin sözlərinə görə, partlayış baş verməmişdən bir gün əvvəl ərazidə təbii qazın verilməsində fasilə olub.
Ola bilər ki, həmin vaxt ev sahibi qazı bağlamağı unudub. Gəncə regional qaz istismar idarəsinin baş mühəndisi Şubay Nəsibovdan aldığımız məlumata görə, ötən gün boruda yaranan nasazlığın aradan qaldırılması üçün qəsəbənin qaz təchizatında fasilə olub.
Qazın verilişi isə elə ötən gün saat 18 radələrində bərpa edilib və ailə üzvləri evdə olduğundan bundan xəbərdar olublar. Hadisənin isə evdəkilərin qazdan istifadə zamanı təhlükəsizlik qaydalarını pozması nəticəsində baş verdiyini bildirdilər.
"Nəzərdə tutulan istilik sobasından həmin otaqda yox, digər otaqda abonent qazdan istifadə qaydalarını pozaraq rezin boru ilə otağa keçirib və orada qazdan istifadə etməyə başlayıb. Rezin borudan sızan qaz mənzilə dolub və bu da elektrik şəbəkəsini qoşarkən partlayışa səbəb olub", deyə Gəncə Regional Qaz İstismar İdarəsinin baş mühəndisi bildirib.
Xəsərət alanlar əvvəl Goranboy MRX-na aparılsa da vəziyyətləri ağır olduğundan axşam saatlarında paytaxda yanıq mərkəzinə göndərilib.
Hazırda qəza baş verən ev FHN-nin əməkdaşları tərəfindən möhürlənib və faktla bağlı araşdırmalar davam edir.
Partlayış baş verən ev
Ev sahibinin istifadə etdiyi rezin boru
Şubay Nəsibov - Gəncə Regional Qaz İstismar İdarəsinin baş mühəndisi
Qaz sobası
Partlayış baş verən mənzil möhürlənib