Bakı Apelyasiya Məhkəməsində arvadını qətlə yetirməkdə ittiham olunan 1971-ci il təvəllüdlü İlham Süleymanovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu il yanvarın 25-də Nərimanov rayonu, Aşıq Qərib küçəsindəki 69 saylı evdə İlham Süleymanov qısqanclıq zəminində həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məhəbbət Süleymanovaya boğaz nahiyəsindən çoxsaylı bıçaq zərbələri endirərək, onu qətlə yetirib və hadisədən sonra Nərimanov Rayon Polis İdarəsinə könüllü gələrək təslim olub.
Saxlanılan şəxs cinayəti namus üstündə törətdiyini bildirib, onun Bakı Metropolitenində elektrik-mexanik işlədiyi məlum olub. İş üzrə təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, qadının ölümünə boğaz nahiyəsinin və digər orqanlarının kəsilmiş-deşilmiş yaraları fonunda inkişaf edən kəskin qanitirmə səbəb olub.
İstintaq zamanı şahid qismində dindirilən tutulan şəxsin valideynləri cinayətin namus üstündə törədildiyini təsdiq ediblər. Sona Süleymanova oğlunun 18 ildir həmin qadının hərəkətlərinə dözdüyünü bildirib. Aralarında dəfələrlə mübahisələri olsa da, yenə də barışıblar.
Axırıncı dəfə Məhəbbət acıq edərək, 10 gündən artıq öz atasının evində yaşayıb, sonra isə geri qayıdıb. Hətta İlham arvadının istəyini yerinə yetirərək ona “Hyundai” markalı avtomobil alaraq, hədiyyə edib. Bununla yanaşı, Məhəbbətin gediş-gəlişini izləmək üçün evin girişinə müşahidə kameraları yerləşdirib. Qətl hadisəsi törədən Bakı Metropolitenində elektrik-mexanik işləyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlham Süleymanov 17 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən narazı qalan İlham Süleymanov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və daha sonra onun apelyasiya şikayətinin dəliləri müəyyən edilib.
Məhkəmə baxışı noyabrın 2-nə təyin edilib.
Hacı Zeynalov