27 Oktyabr 2015 18:20
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sahil bağında qətl hadisəsi törətməkdə təqsirli bilinən Gürcüstan vətəndaşı, 1988-ci il təvəllüdlü Elçin Çobanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Cahid Əkbərov bildirib ki, “Sahil” bağında olan köşkdə işləyib: “Təqsirləndirilən şəxsi tanımıram. Rəhmətlik Həsəni üzdən tanıyırdım. Belə münasibətim yox idi. Hər gün bağda it gəzdirirdi, məndən siqaret alırdı. Həsən bağda iki itinin görmüşəm. Biri böyük idi, onun ağzında ağızlıq olurdu, bir isə balaca iti idi. Onun isə ağzında isə ağızlıq olmurdu. Hadisə günü də balaca iti gətirmişdi. Gəzdiyini gördüm. Bir müddətdən sonra Həsənin naləsini eşitdim. Baxdım ki, yerə yıxılıb. Yanındakı oğlanda hardansa qaçaraq yanına gəldi. O, da yaralı idi”.

Digər şahid Mənsurə Rəsulzadənin sözlərinə görə, hadisə baş verən vaxt parkda olub: “Mən hadisə yerinə çatanda artıq, hadisə olmuşdu. Həm həkim kimi, həm də bir vətəndaş kimi ora yaxınlaşdım. Mən çatan zaman Təcili Tibbi Yardımın əməkdaşları orda idi. Amma onları passiv gördüm. Həkimlər heç nə eləmirdi. Oğlan yerdə uzanmışdı. Nələrsə etmək olardı. Uşağın üstü örtülməmişdi. Həkimlərə yaxınlaşıb, nələrsə etməklərini tələb etdim. Mənim təkidimlə ona elektroşok verildi. Məncə həkimlər zərərçəkənin yiyəsiz olduğunu görüb, heç nə etmirdilər. Bu cür həkimlər peşələrinə xəyanət edirlər. Mən baxan zaman hələ bədəni isti idi. Öləsi xəstə deyildi. Mənə dedilər ki, o yerə yıxılanda ənsəsi zərbə ilə yerə deyib. Ola bilər ki, elə ənsəsi ciddi zədələnmişdi. Dili qatdalanması da yerə yıxılması ilə əlaqədar olub. Buna əminəm ki, hadisə yerinə gələn həkimlər ilkin tibbi yardımı düzgün lazımi xidməti göstərməyiblər”.

Elçin Çobanovun vəkili Namiq Məmmədov vəsatətlə çıxış edib. O, vəsatətində mərhum Həsən Həsənova və zərərçəkmiş kimi tanınanan Orxan Məmmədzadəyə tibbi ekspert rəyi verən Xəlil Abdullayev və Ceyhun Allahverdiyev məhkəməyə əlavə şahid kimi çağırılaraq dindirilməsini istəyib. Məhkəmə vəsatətin baxılmasını təxirə salıb.

Proses oktyabrın 29-da davam edəcək.

Qeyd edək ki, bu il yanvarın 6-da “Sahil” bağında qətl törədilib. Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. Həsən Həsənov hadisə yerində ölüb.

Elçin Çobanov həyat yoldaşı Leyla Çobanovanı Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetindən gətirərkən Həsən Həsənovun gəzdirdiyi it onun yoldaşına hürməyə başlayıb. Elçin Çobanov buna görə əsəbiləşib və Həsən Həsənovdan itini kənara çəkməyi tələb edib. Oğlan bu tələbin qarşılığında itin ağzının bağlı olduğunu, qızlara xəsarət yetirə bilməyəcəyini deyib. Tərəflər arasında mübahisə yaranıb və Elçin Çobanov üzərində gəzdirdiyi bıçağı çıxararaq əvvəlcə Həsən Həsənova, sonra isə söhbətə müdaxilə edən Orxan Məmmədzadəyə zərbə endirib. Daha sonra o, həyat yoldaşı ilə birlikdə hadisə yerini tərk edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər