Sumqayıt Apelyasiya Məhkəməsində 1987-ci il təvəllüdlü Xaçmaz rayon sakini Kamran Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Kamran Hacıyev ötən il sentyabrın 21-də axşam saatlarında yaşadığı Xaçmaz şəhərində ondan borc pul istəməyə gələn Kərəm Xəlilovla mübahisə edib. Mübahisə zamanı Kamran borcunu istəyən Kərimi təpikləyərək döyüb, ona xəsarət yetirib.
Kamran Hacıyev Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə gətirməyən, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham edilib.
Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə Kamran Hacıyev aylıq qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla 2 il islah işləri cəzasına məhkum edilib.
Hökmdən narazı qalan zərərçəkmiş Kərim Xəlilov apelyasiya şikayəti verib. O, Kamran Hacıyevin 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Kamran Hacıyev isə apelyasiya şikayəti verməyib.
“Kamran pulları itirdiyini söylədi”
Hakim İlham Həsənovun sədrlik etdiyi prosesdə çıxış edən Kərim Xəlilov bildirib ki, Kamran Hacıyevin cəzası yüngül olub: “Təyin edilmiş cəza Kamran Hacıyevin törətdiyi cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun deyil.
Mən “Lavanda” Məhdud Məsuliyyətli Cəmiyyətinin şimal bölgəsi üzrə duz məhsulunun topdan satış meneceri işləmişəm. Kamran Hacıyevi 2013-cü ilin avqust ayından tanımışam, əvvəllər aramızda heç bir ədavət olmayıb. Öz aramızda şifahi razılığa gəlmişdik. Həmin razılığa əsasən, “Ford Tranzit” markalı yük avtomobilimi Kamran Hacıyevə duz daşıyaraq satması üçün vermişəm. Şifahi razılaşmaya görə, satılmış hər bir duz kisəsində 1 manat pul Kamran Hacıyevə verilib".
Kərim Xəlilovun sözlərinə görə, 2014-cü ilin fevral ayının axırlarında qaynı oğlu Vüsal Qurbanov ona zəng vurub: “Vüsal Kamran Hacıyevlə alış-verişin hesabatını apardığını, aparılan hesabat zamanı satılmış duzdan əldə olunan 4600 manatı Kamran Hacıyevin itirdiyini bildirdi. Həmin vaxt Gəncə şəhərində olmuşam. Xaçmaz şəhərinə qayıdaraq Kamran Hacıyevlə söhbət etdim. Kamran pulları itirdiyini söylədi”.
“Əfqan qardaşının işinə qarışmadığını bildirdi”
Zərərçəkmiş şəxs qeyd edib ki, Kamran Hacıyevlə itən pulu işləyərək, hissə-hisə ödəmək barədə razılığa gəlib: “Sonradan Kamran Hacıyevin işləmədiyini gördüm və bu barədə onun qardaşı Əfqana şikayət etdim. Əfqan Hacıyevin bankdan pul götürərək mənə 3000 manat ödəməsi, qalan hissəni isə Kamranın özünün hissə-hissə ödəməsi barədə razılığa gəldik.
Sonra Kamran Hacıyev 2 ay müddətində mal daşıyaraq satdı, pulu ödəməyə başladı. Borcun yenidən artaraq 3600 manat olduğunu gördüm. Buna görə də maşını ondan aldım. Kamranın qardaşına şikayət etsəm də, Əfqan artıq qardaşının işinə qarışmadığını bildirdi. Kamranın dayısı Bəhlulla əlaqə saxladım. O da Kamrandan imtina etdiyini bildim".
“Kamran üstümə hücum çəkdi”
Kərim Xəlilov bildirib ki, şikayət etmək üçün polis şöbəsinə getməmişdən əvvəl Kamran Hacıyevin ailə üzvləri ilə danışmaq qərarına gəlib: “Sentyabrın 21-də saat 21.00-da həyat yoldaşım Matan Qurbanova və qaynım oğlu Vüsal Qurbanovla birlikdə Kamran Hacıyevin yaşadığı ünvana getdik. t Kamran evdə yox idi. Anası Tərgül Hacıyeva bizi içəri dəvət etdi. Məsələni danışdım. Bu zaman Kamran özü də gəlib çıxdı. Bizi görən kimi qışqıraraq ünvanımıza xoşagəlməz ifadələr işlətdi, evdən çıxıb getməyimizi tələb etdi. Ona söhbət etməyi təklif etdim.
Kamran mənə olan pul borcundan başqa, müvəqqəti istifadəsinə verdiyim avtomaşının texniki sənədini də qaytarmadı. Borcun bir hissəsini qaytarmağı, qalan hissəni sonra ödəməyi təklif etdim. Həmin vaxt Kamran üstümə hücum çəkdi, yaxamdan yapışaraq dartmağa başladı. Əlbəyaxa olduq. İçəri girən Rafail Quliyev, Cavid Nəsirov, Elnur Rəcəbov məni arxadan tutdular, Kamran mənə yumruq zərbələri endirdi. Onlar məni yerə yıxaraq təpiklədilər".
Zərərçəkmiş şəxsin sözlərinə görə, hadisədən sonra Kamran Hacıyev ondan üzr istəməyib, mənimsədiyi pulları da qaytarmayıb.
O, qeyd edib ki, məhkəmə Kamran Hacıyevə islah işləri növündə cəza təyin edərkən Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə istinad edib: “Məhkəmə Kamranın himayəsində azyaşlı uşağın olmasını, təqsirini etiraf etməsini, əməlindən peşmanlıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib”.
Kərim Xəlilov çıxışının sonunda apelyasiya şikayətinin təmin edilməsini, Kamran Hacıyevin cəzasının ağırlaşdırılmasını xahiş edib.
Məhkəmə heyətinin qərarına görə, zərərçəkmişin apelyasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov