Türkiyədə iki qızına təcavüz edən və günahı sübuta yetirilən ataya hökm oxunub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, beş il öncə başlayan məhkəmənin son qərarına əsasən ata H.K.-yə 33 il 2 ay 14 gün həbs cəzası verilib.
Hadisə 2010-cu ildə İzmirdə baş verib. İddiaya görə, 5 il əvvəl 38 yaşlı H.K. o zaman 7 və 14 yaşlarında olan qızlarına - N.C.K. və Ö.K.-yə qarşı seksual xarakterli hərəkətlər edib. Qızlar isə baş verənləri xalalarına danışıblar. Ancaq əmilərinin təzyiqlərindən sonra evə qayıtmalı olublar. Hadisənin üstü Ö.K.-nin intihara cəhd etməsindən sonra açılıb. Xalası qızdan intihara cəhd etməyinin səbəbini soruşduqda Ö.K. atasının onu qucaqlamasını istəmədiyni, ona təcavüz etdiyini bildirib. Uşaqların anası isə ərinin uşaqlarına qarşı belə hərəkət edə biləcəyinə inanmadığını deyib.
Hadisə ilə bağlı cinayət işinə İzmir 5-ci Ağır Cəza Məhkəməsində baxılıb. Ata H.K. məhkəmədə ifadəsində "Qızlarım tez-tez evdən qaçıb sevgililəri ilə gəzməyə gedirdilər. Gəzmələrini istəmədiyim üçün onlara təzyiq göstərdim. Açıq-saçıq geyimlər geyinirdilər. Bu basqıya görə mənə şər atırlar. Bir ata öz qızlarına bunu necə edər?" deyib.
Ö.K və N.C.K məhkəmədə hadisənin detallarını danışıblar. Ö.K. ifadəsində "Nə deyəcəyimi bilmirəm. Əvvəlki ifadələrimin arxasındayam. Atam bu hərəkətləri edib. Məndən balaca bir bacım var. İstəmirəm ki, balaca bacım gələcəkdə "bacıma görə atam həbs edildi" desin. Ona görə də atamın həbs edilməsini istəmirəm. Cinayət işi bağlansın. Artıq əsəblərim buna dözmür" söyləyib.
Məhkəmənin son qərarına əsasən, müttəhim H.K. 33 il 2 ay 14 gün müddətinə azadlıqdan məhrum edilib.
Ramal