29 Oktyabr 2015 15:07
3 336
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq və hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan 1989-cu il təvəllüdlü Məmmədəli Hacıyev, 1984-cü il təvəllüdlü Gülhüseyn Sadiqov və 1990-cı il təvəllüdlü Əfsanə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 1990-cı il təvəllüdlü Əfsanə Hüseynova, onunla qeyri-rəsmi nikah münasibətlərində olan həyat yoldaşı, 1989-cu il təvəllüdlü Məmmədəli Hacıyev və Rusiya Federasiyası vətəndaşı, 1984-cü il təvəllüdlü Gülhüseyn Sadıqov həbs edilib.

Məlum olub ki, Əfsanə Hüseynova əvvəlcədən qurulan plana əsasən metro stansiyalarında tanış olduğu oğlanları cinsi əlaqədə olmaq adı ilə Xəzər rayonunun Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yaşadığı evə dəvət edib. Evə daxil olandan sonra isə qadının tanış olduğu oğlanlar Məmmədəli Hacıyevin hücumuna məruz qalıb.

Məmmədəli Hacıyev evə gələn şəxslərə fiziki zor tətbiq edərək onların pulunu və mobil telefonlarını əllərindən alıb. İstintaq zamanı dəstə üzvlərinin bu cinayətləri Rusiya Federasiyasında məhkum olunan Gülhüseyn Sadıqovun qurduğu plana əsasən, həyata keçirdikləri məlum olub. Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb.

Saxlanılan şəxslərin bu üsulla 5 nəfərə qarşı quldurluq etdikləri sübuta yetirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Məmmədəli Hacıyev 10 il 6 ay, Gülhüseyn Sadıqov 9 il 6 ay, Əfsanə Hüseynova isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Onu da qeyd edək ki, Məmmədəli Hacıyev kikboks idman növü ilə məşğul olur. O, zərərçəkənlərə zor tətbiq edən vaxt özünü cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli kimi təqdim edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər