29 Oktyabr 2015 18:51
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1963-cü il təvəllüdlü Mirələkbər Səttarov və 1990-cı il təvəllüdlü Xətai Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hadisə 2014-cü ilin noyabrın 19-da saat 21:30 radələrində, Sabunçu qəsəbəsi A.Əsədullayev küçəsində baş verib. 1991-ci il təvəllüdlü Nihad İsmayılov aralarında olan narazılığı aydınlaşdırmaq məqsədi ilə qonşusu, 1963-cü il təvəllüdlü Mirələkbər Səttarovun evinə gedib.

Məlum olub ki, qətlə yetirilən Nihat Məmmədqiyasov bir neçə nəfərlə qonşusunun evinə gəlib. Küçəyə çıxan Mirələkbər Səttarov əvvəlcə bıçaqla onun gözünə, daha sonra isə bel nahiyəsinə zərbə endirib. Xəsarət alan şəxs 3 saylı kliniki xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinin keçirdiyi operativ əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Mirələkbər Səttarovla bərabər, hadisədə iştirak edən 1990-cı il təvəllüdlü Xətai Şirinov da bölməyə aparılıb. 4 ay əvvəl hadisəni törədən Mirələkbər Səttərovun kiçik oğlu arada yaranan münaqişə nəticəsində bıçaqlanıb.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlanması elan edilib. Söz dövlət ittihamçısına verilib. Prokuror ittiham aktını elan edib. Mirələkbər Səttarov özünü qismən təqsirli hesab eləsə də, Xətai Şirinov isə özünü günahkar bilməyib.

Məhkəməyə şahidlər gəlmədiyi üçün prosesin davamı noyabrın 5-ə təxirə salınıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər