Məhkəmə qətl törədən Zərdab sakininin şikayətini təmin etmədi
İki qardaşı bıçaqlamaqda təqsirli bilinən Zərdab rayon sakini Nazim Mirzalızadənin apelyasiya şikayəti üzrə proses başa çatıb.
İttihama görə, ötən il martın 18-də gecə Binə qəsəbəsindəki "Atçılıq" yaşayış sahəsi ərazisində "Məkan" adlanan avtoservisin qarşısında Nazim Mirzalızadə Elşən Orucovun sinə nahiyəsinə və onun qardaşı Samirin qarın nahiyəsinə bıçaq zərbələri vurub. Elşən Orucov xəstəxanaya çatdırılarkən yolda ölüb, Samir isə yaralı vəziyyətdə 3 saylı kliniki xəstəxanaya yerləşdirilib.
Məlum olub ki, Nazim Mirzalızadə taksi fəaliyyəti ilə məşğul olduğundan martın 17-də axşam "VAZ 21015" markalı avtomaşınla "Atçılıq" yaşayış sahəsinin giriş hissəsində, yol kənarında dayanıb. Saat 23 radələrində o, bir qadının uşaqla qəsəbə sakini Elşən Orucovun maşınından düşərək, dərhal orda dayanan "VAZ 21011" markalı avtomobilə mindiyini görüb.
Sürücü Ağa Əliyev tərpənmək istədikdə Elşən Orucov Sevinc Hüseynova ilə aralarındakı münasibətə aydınlıq gətirmək üçün maşını saxlamağı tələb etsə də, qadın ondan qorxduğunu söyləyərək sürücüdən avtomobili saxlamamağı xahiş edib. Bir az getdikdən sonra Sevinc Hüseynova yol haqqı kimi verməyə pulunun olmadığını bildirdikdə sürücü Binə qəsəbəsində yerləşən körpünün yanında onları düşürdüb.
Bundan sonra həmin yerdən öz avtomobili ilə keçən Nazim Mirzalızadə Sevinc Hüseynovanı azyaşlı oğlu Ümidlə görüb maşını saxlayıb, o biri taksidən düşmələrinin səbəbini soruşduqda qadın pulu olmadığını bildirib. Yazığı gəldiyi üçün onları avtomaşına əyləşdirib və "Sovxoz" adlanan yaşayış sahəsində yerləşən evlərinə aparıb.
Saat 23:45-də Nazimə zəng vuran Elşən Sevinci "Atçılıq" yaşayış massivinə qaytarmasını tələb edib. Lakin Nazim Mirzalızadə qadını uşaqla evlərinə çatdırıb və sonra "Məkan" adlı avtoservisin yanına gəlib.
Orada Elşən və Samir qadını tələb olunan yerə gətirmədiyinə görə Nazimlə mübahisə ediblər. Elşən Orucov yumruqla vuraraq onunla əlbəyaxa olub. Nazim Elşəni itələyərək telefonundan Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək döyülməsi barədə məlumat verib. Buna görə də onların davası daha da kəskinləşib.
Qardaşlar Nazimin ünvanına söyüşlər söydükləri üçün sonuncu üzərində olan bıçaqla əlbəyaxa olduğu Elşənin ürək nahiyəsinə xəsarət yetirib. Daha sonra onları aralaşdırmağa cəhd edən Samirin qarın nahiyəsinə zərbə endirib. Yaralılar "VAZ 2107" markalı avtomaşınla xəstəxanaya gedərkən Elşən kəskin qan itirmədən keçinib, qardaşı Samirə isə tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olub.
Nazim Mirzalızadə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 29,120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını qəsdən öldürmə), 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Mirzalızadə 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Nazim Mirzəlizadə apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Həmçinin Baş Prokurorluqda Nazim Mirzalızadənin cəzasının ağırlaşdırılmasını istəyib.
Tərəflərin şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. İş hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Nazim Mirzalızadə ittiham üzrə özünü qismən təqsirli hesab edərək, Elşənlə Samiri qəsdən öldürmək məqsədi olmadığını, həmin vaxt özünü müdafiə etdiyini qeyd edib. Zərərçəkən Samir Hüseynov dava vaxtı Nazimə zərbə vurmadığını, sadəcə onları aralamaq istədiyini bildirib.
Mərhum Elşən Orucovun yaxın qohum kimi hüquqi varisi qismində tanınmış anası Tamaşa Orucova ifadəsində göstərib ki, Elşən Orucov və Samir Hüseynov onun oğullarıdır: "Martın 18-nə keçən gecə Samir və Elşən evə gəlmədikləri üçün narahat oldum. Yoldaşım Elşənin telefonuna zəng etdi. Telefona cavab verən Elşən xırıltılı səslə "Sabunçu xəstəxanası" sözlərini dedi. Bu səbəbdən dərhal xəstəxanaya yollandıq. Ora çatanda bildik ki, Elşənlə Samiri bıçaqla Nazim Mirzalızadə vurub".
Şahid qismində ifadə verən Sevinc Hüseynova bildirib ki, martın 17-də Elşən Orucovla tanış olub: "Elşənə öz adımı bildirmək istəmədim. Bunun üçün də ona özümü Günəş adı ilə təqdim etdim. Həmin gün axşam saatlarında 4 yaşlı oğlum ilə birlikdə Elşənlə "Atçılıq" yaşayış sahəsi ərazisində yerləşən kafedə görüşdük. Bir az sonra Elşənin qardaşı Samir də Almaz adlı tanışı ilə birlikdə bizim olduğumuz kafeyə gəldilər. Bir qədər kafedə oturandan sonra birlikdə Binə qəsəbəsi ərazisində yerləşən "Karaoke" kafesinə yollandıq. Həmin kafedə də bir müddət oturandan sonra evimə getmək istədiyimi dedim.
Elşəndən məni evə aparmağı xahiş etdim. Elşən avtomobili idarə edərkən mənimlə intim əlaqəyə girməyi dəfələrlə təklif etsə də, onun bu təklifindən imtina etdim. Buna görə də ondan bir neçə dəfə avtomobili saxlamağı tələb etdim. Nəhayət, Elşən "Atçılıq" yaşayış sahəsi ərazisində taksilər dayanan yerdə avtomobili saxladı. Avtomobildən düşərək "VAZ-21011" markalı taksi avtomobilinə əyləşdim. Sonra evimə yollandım. Taksi sürücüsü məni deyilən ünvana aparmadı. Buna görə də Elşənə zəng edərək bu barədə dedim. Baş verən hadisədən xəbərim olmayıb".
Tərəflərin fikirlərini dinləyən hakim heyəti nə apelyasiya şikayətini, nə də prokurorluğun protestini təmin etməyib.
Hacı Zeynalov