5 Noyabr 2015 14:24
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevirdə atasının ikinci həyat yoldaşını döyməkdə ittiham olunan gəncə bəraət verildi

Mingəçevir şəhər sakini, 1989-cu il təvəllüdlü İsmayıl Tahirovun cinayət işi üzrə məhkəmə apelyasiya prosesi başa çatıb. İttihama görə, İsmayıl Tahirov 2 avqust 2014-cü il tarixdə, saat 14 radələrində idarə etdiyi “Toyota Prado” markalı avtomaşınla şəhərdəki H.Əliyev prospektində yerləşən “Orxan” bazarının yanına gəlib.

Orada təsadüfən görüşdüyü analığı Zəminə Bəşirova ona iradını bildirib. Zəminə oğulluğuna rəfiqəsi Südabə Əbdüləzimovaya olan borcu qaytarmamasından gileylənib. İsmayıl analığının iradından əsəbləşib.

İsmayıl orada olan atası Mehman Tahirovun və ətrafdakı şəxslərin yanında Zəminə Bəşirovanın ünvanına ucadan nalayiq ifadələr işlədib. O, analığını söyüb təhqir edərək, habelə yumruq-təpiklə başının və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurub. Qadın aldığı xəsarətlərdən xəstəxanada həkim müayinəsindən keçib.

Xuliqanlıq cinayəti və bəraət hökmü

Istintaq orqanı İsmayıl Tahirovu Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham edib və cinayət işi baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilib.

Hakim Məhburə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə İsmayıl Tahirovun xuliqanlıq cinayəti sübuta yetirilməyib və buna görə də onun barəsində bəraət hökmü çıxarılıb.

Məhkəmə İsmayıl Tahirovun barəsində seçilmiş başqa yerə getməmək barədə qətimkan tədbirini ləğv edib.

“Ögey anamla münasibətlərim soyuq olub”

Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək İsmayıl Tahirovun cəzasının ağırlaşdırılmasını istəyib. Şəki Apelyasiya Məhkəməsində protestə hakim Mirbahəddin Hüseynovun sədrlik etdiyi kollegiyada baxılıb.

Məhkəmədə İsmayıl Tahirov bildirib ki, Zəminə Bəşirova onun ögey anasıdır: “Anam vəfat etdikdən sonra atam Mehman 1996-cı ildə Zəminə Bəşirova ilə ailə qurub və onunla birlikdə ayrı yaşayıblar. Mən isə bacım və qardaşımla nənəmin himayəsində olmuşuq. Bəzi günlərdə atamgildə də qalmışam. Ögey anam Zəminə ilə münasibətlərimiz soyuq olub. Ailə qurduqdan sonra az bir müddət atamgilin evində onlarla birlikdə yaşamışam. Amma sonra oradan başqa evə köçmüşəm”.

“Südabəyə 600 manat borcum vardı”

İsmayıl Tahirovun sözlərinə görə, Südabə Əbdüləzimovanı uzun müddətdir tanıyır: “2012-ci ildə onun adına kreditlə kompüter götürmüşəm. Hər ay 45 manat kredit ödəməli idim. Təxminən 5 ay krediti ödədim. Ancaq sonra krediti ödəməyə maddi imkanım çatmadı. Buna görə də krediti Südabə ödəməli oldu. Nəticədə Südabəyə 600 manat borcum yarandı.

Avqustun 2-də öz maşınımla “Orxan” bazarının yanına gəldim. Burada ögey anam Zəminə ilə rastlaşdım. O, mənə yaxınlaşaraq Südabənin borcunu niyə vermədiyimi soruşdu. İmkan olan kimi pulu ödəyəcəyimi bildirdim və oradan getmək istədim. Bu zaman Zəminə əl ataraq yaxamdan tutdu, pulu tez ödəməyimi tələb etdi. Yaxamdan bərk tutaraq dartdığına görə əynimdəki köynəyin yaxası cırıldı.

Əsəbləşdiyim üçün Zəminənin əlini itələdim. O, yerə yıxıldı, başı yaxınlıqdakı ağaca dəydi, mən də oradan getdim. Həmin vaxt orada başqa heç kim olmayıb. Zəminəni vurmamışam və ona hər hansı nalayiq söz deməmişəm".

“Əsəbləşdiyim üçün şikayət etdim”

İş üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Zəminə Bəşirova bildirib ki, 1996-cı ildə İsmayılın atası Mehmanla ailə qurub: “İsmayıl nənəsinin yanında yaşasa da, bəzi günlərdə bizim yanımızda da qalırdı. Südabə Əbdüləzimova mənim rəfiqəmdi. İsmayıl 2012-ci ildə Südabənin adına özü üçün kreditlə kompüter götürüb. Son aylar İsmayıl krediti ödəmədiyi üçün Südabə onun əvəzinə krediti ödəməyə məcbur olub. Buna görə də İsmayılın Südabəyə 600 manat borcu yaranıb.


Pulu ödəmədiyinə görə Südabə bir neçə dəfə İsmayıldan şikayət edərək narazılığını bildirib. Avqustun 2-də “Orxan” bazarının yanında İsmayılla rastlaşdım. İsmayıldan Südabənin pulunu qaytarmamasının səbəbini soruşdum. İsmayıl pulu ödəməyəcəyini deyərək getmək istədi.

İsmayılın yaxasından tutaraq soruşdum ki, Südabənin pulunu nə səbəbə vermirsən? İsmayıl yaxasını əlimdən qurtarmaq üçün məni əli ilə itələdi. Bu zaman yerə yıxıldım və başım yaxınlıqdakı ağaca dəydi. Bu, ani olaraq baş verdi və İsmayıl oradan aralanaraq oradan getdi. Əsəbləşdiyim üçün polis şöbəsinə şikayətə getmək qərarına gəldim.

Südabəyə zəng edərək İsmayıldan polis şöbəsinə şikayətə getmək istədiyimi, mənimlə birlikdə polis şöbəsinə gedərək pulunu vermədiyinə görə İsmayıldan şikayət etməsini təklif etdim. Südabə mənimlə razılaşdı və birlikdə polis şöbəsinə getdik. Polis şöbəsində İsmayılın döyərək mənə xəsarət yetirməsi barədə ərizə yazdım. Lakin çox əsəbiləşdiyim üçün yazmaqda çətinlik çəkdiyimə görə izahatı təhqiqatçının dediyi sözlərlə yazdım. Ancaq yazdıqlarımın məzmununa əhəmiyyət vermədim. Sonradan şikayətini geri götürmək istədiyimi bildirsəm də, dedilər ki, mümkün deyil".

“Zəminə ilə İsmayılın mübahisəsini görməmişəm”

İş üzrə şahid qismində ifadə verən Südabə Əbdüləzimova bildirib ki, İsmayıla kreditə kompüter götürüb, sonradan İsmayıl krediti ödəyə bilməyib. Pulu özü ödəyib və nəticədə 600 manat borc yaranıb.
Şahid daha sonra qeyd edib ki, avqustun 2-də Zəminə Bəşirova ona zəng edib və oğulluğundan polisə şikayətə getdiyini, onunla birlikdə getməsini istəyib: “Polis şöbəsində İsmayılın mənə olan borcumu verməməsindən şikayətləndim. Polis işçisi izahat yazmaq lazım olduğunu bildirdi. Latın qrafikası ilə yazıb-oxumağı bacarmadığıma görə mənim əvəzimə izahatı Zəminə yazdı. İzahatı sözlərim əsasında yazılmasına inanaraq imza etmişəm. Məni yenidən polis şöbəsinə dəvət etdilər. Zəminə ilə İsmayılın arasındakı mübahisənin şahidi olduğumu bildirdilər. Dedim ki, həmin hadisəni görməmişəm.

Sonra kompüterdə latın qrafikası ilə yazılmış yazını mənə verərək imzalamağımı təklif etdilər və həmin yazının əvvəlki izahatım olduğunu bildirdilər. İnandığım üçün təqdim olunmuş həmin yazıya da imza etmişəm. Bildirmək istəyirəm ki, bazarın yanında və ya digər yerdə Zəminə ilə İsmayılın mübahisəsini görməmişəm".

Dövlət ittihamçısı Vidadi Cabbarov çıxış edərək Mingəçevir Şəhər Məhkəməsi hökmünün ləğv edilməsini, ona ittiham olduğunu Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş qaydada cəza verilməsini istəyib.

Tərəfləri dinləyən hakimlər prokurorluğun protestini təmin etməyib.

Hacı Zeynalov


Müəllif: