6 Noyabr 2015 14:29
1 366
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevdiyi qızı - Aytacı Babayevanı qətlə yetirməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı, 1995-ci təvəllüdlü İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anası Çiyələm Hüseynova ifadə vermək üçün məhkəmə zalına dəvət edilib. O, oğlu barəsində ifadə verməkdən imtina edib.

Hakim bildirib ki, İzzətin atası Hafiz Hüseynov məhkəməyə teleqram vuraraq xəstə olduğunu bildirib və ifadə verməkdən imtina edib. Cinayət işinə şahid qismində cəlb olunan Orxan Axundov məhkəmədə iştirak etməyib. Hakim onun barəsində Xətai rayon polisinə sorğu göndəriləcəyini deyib və məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərarı açıqlayıb. Aytacın valideynləri təqsirləndirlən şəxsin ailəsi tərəfindən məhkəmədən kənarda təhqir olunduqlarını bildirib.

Hakim bildirib ki, bununla bağlı ona Nəsimi rayon Polis İdarəsinin müstəntiqi zəng edib. Hakim bu işin polis tərəfindən araşdırlıdığını və məhkəməyə heç bir dəxli olmadığını qeyd edib.

Məhkəmə prosesi noyabrın 13-ə təyin olunub.

Bu zaman Aytac Babayevin anası üzünü jurnalistlərə tutub. O bildirib ki, onun qızı gələcəyin həkimi olacaqdı: “Bu cani mənim qızımı vəhşicəsinə öldürdü. Aytac imtahanlarda 600 bal yığırdı. Bu cani evdə atasının üstünə balta ilə gedib. Belə ailənin övladı da belə olar”.

Qeyd edək ki, bu ilin aprelin 29-da Nizami rayonun Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı, 1998-ci il təvəllüdlü Aytac Babayevanı qətlə yetirib. Hadisə sevgililər arasında yaranan şəxsi münasibətlər zəminində baş verib. Cinayəti törədən şəxs həbs edilib.

Hacı Zeynalov


Müəllif: