6 Noyabr 2015 16:36
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə Abşeron rayon sakini, 1967-ci il təvəllüdlü Mirazad Mirəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Mirazad Mirəliyev qaynı Fəxrəddin Baloğlanovun icarəyə götürərək işlətdiyi Hökməli-Qobu yolunun kənarında yerləşən “Vişnəlik” çayxanasında Telman Səfərəliyevlə birlikdə 2013-cü ildən torpaq alqı-satqısında vasitəçiliklə məşğul olub. Ancaq yeznə-qayın arasında narazılıq yaranıb.

Buna görə 2014-cü ilin əvvəlində Mirazad Mirəliyev Telman Səfərəliyevlə çayxanadan çıxaraq yolun əks tərəfində yerləşən bir otaqlı tikilidən ofis kimi istifadə edib. Bundan sonra həmin çayxanada torpaq alqı-satqısı ilə Mirazad Mirəliyevin yaxın qohumu Mürvət Səfərov və Fəxrəddin Baloğlanov məşğul olmağa başlayıblar. Bu səbəbdən onların arasında münaqişəli münasibətlər yaranıb.

2014-cü il aprelin 22-də Mirazad Mirəliyev müştərilərlə söhbətləşdiyi zaman Mürvət onu növbəti dəfə hədələyib. Əsəbləşən Mirazad yolu keçib Fəxrəddin Baloğlanova məxsus çayxanaya gəlib, Mürvəti qohumu Malik Səfərəliyevlə çay içən görüb. O, Mürvətdən nə üçün onu söyüb-təhqir etdiyini soruşub. Mürvət ona “yaxşı edirəm, dur, burdan rədd ol” deyə cavab verib. 10 il cəza və narazılıq Bu zaman Mürvət bıçaqla Mirazadı vurmaq istəyib. Özünü itirən Mirazad çayxanadan çıxıb. Malik Səfərəliyev və həmin vaxt çayxanada olmuş Əkrəm Məmmədov Mürvəti saxlayaraq sakitləşdirmək istəyiblər. Buna baxmayaraq, Mürvət onların əlindən çıxıb və bıçaqla Mirazadın üstünə cumub. Mirazad özündə olan bıçaqla Mirvəti vuraraq öldürüb.

İstintaq orqanı Mirazad Mirəliyevi Cinayət Məcəlləsininm 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edib. Bakı Ağır Cinayətlər Məhkəməsi Mirazad Mirəliyevə 10 il cəza kəsib. Hökmdən Baş Prokurorluq apelyasiya protesti verib, Mirazad Mirəliyevə daha ağır cəza verilməsini xahiş edib.

Həmçinin Mirazad Mirəliyevin vəkili Mirzəmməd Rəhimov apelyasiya şikayəti verib və müdafiə etdiyi şəxsin əməlinin Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini və ona həmin maddə üzrə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyinini xahiş edib.

Sumqayıt Apelyasiya Məhkəməsində tərəflərin şikayətinə baxan hakim heyəti qərar elan edib. Qərara görə, Mirazad Mirələmovun əməli Cinayət Məcəlləsinin 123.1-ci maddəsinə tövsif edilib və cəzası 2 ilə endirilib. Prokurorluğun protesti isə təmin edilməyib. Buna görə də prokurorluq Ali Məhkəməyə kasasiya protesti verib.

Prokurorluğun protestinə hakim İlham Cəfərovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası prokurorluğun protestinin təmin edilməsi barədə qərar qəbul edib. Hakim heyəti Sumqayıt Apelyasiya Məhkəməsinin Mirazad Mirələmovun barəsində çıxardığı qərarı ləğv edib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib.

Hacı Zeynalov


Müəllif: