7 Noyabr 2015 11:57
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quldurluqda təqsirli bilinən Qəbələ rayon sakini Bilal İsmayılov və Əlyəddin Əsədovun cinayət işi üzrə apelyasiya prosesi başa çatıb.

İttihama görə, Bilal İsmayılov Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməsinin 15 fevral 2005-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü (soyğunçuluq) maddələri ilə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib.

Şəki Apelyasiya Məhkəməsinin 15 aprel 2005-ci il tarixli qərarı ilə cəzası 5 ilə qədər endirilib və 10 oktyabr 2009-cu ildə cəzasını başa vuraraq azadlığa çıxıb. Bundan sonra Bilal İsmayılov Binəqədi Rayon Məhkəməsinin 12 iyun 2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsi ilə 1 il 1 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Bilal 2014-cü ilin aprelin 29-da təyin edilmiş cəzanı sona qədər çəkərək növbəti dəfə azadlığa çıxıb.

O, noyabrın 3-də saat 14 radələrində Əlyəddin Əsədovla birgə Oğuz rayonunun Sincan kənd sakini Ərəstun Mikayılovu Oğuz rayonu Padar kəndi ərazisinə yaxın əkin sahəsinin kənarına aparıblar. Orada Ərəstunu döyüblər, başına daşla vurublar.

Daha sonra Ərəstun Mikayılovun üstündə olan 170 manatını, 15 manat dəyərində Nokia-1800 markalı mobil telefonunu və üç manat dəyərində mobil telefon nömrəsini alıblar.

"Hara getdiyimizi bilməmişəm"

Təqsirləndirilən şəxslərin cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 12 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Bilal İsmayılov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Şəki Apelyasiya Məhkəməsində keçirilən prosesdə Bilal İsmayılov bildirib ki, noyabrın 3-də Oğuz rayonunun Kərimli kəndində yeməkxanada dostu Əlyəddinlə yemək yeyib, yarım litr araq içiblər: "Həmin vaxt Ərəstunu tək görən Əlyəddin onun da bizimlə birlikdə oturmasını təklif etdi. Ərəstun bizim stola gəldi, özünə yemək və 0,7 litr araq sifariş elədi. Araq içdikdən sonra stolda Əlyəddinlə Ərəstunun arasında mübahisə yarandı. İçkili olduğu üçün mübahisənin nə üstündə baş verdiyini bilmədim. Lakin gördüm ki, Əlyəddin və Ərəstun məsələni aydınlaşdırmaq qərarına gəlbilər. Biz yeməkxanadan çıxıb, "Vaz-21011" markalı avtomaşına mindik. Əvvəllər Oğuz rayonunda olmadığım üçün hara getdiyimizi bilməmişəm".

"Əlyəddinə 50 manat verdim"

Təqsirləndirilən şəxsin sözlərinə görə, yaşayış evləri olmayan ərazidə, əkin sahəsinin kənarında Əlyəddin maşını saxlatdırdı: "Əlyəddin taksi sürücüsünə dedi ki, bizi başqa adam gəlib qarşılayacaq, sən get. Buna görə də biz maşından düşdük. Sonra Əlyəddin və Ərəstun əkin sahəsi ilə yolun arasında olan təpənin yan tərəfinə keçdilər. Əlyəddin yumruqla Ərəstunun sifətindən vurdu və Ərəstun yerə yıxıldı. Həmin vaxt içkili olduğum üçün kənarda durdum və nə baş verdiyini dəqiq görmədim.

Əlyəddinin maşın gəldiyini deyəndə əkin sahəsi ilə qaçaraq Qəbələ rayonuna gedən asfalt yola çıxdım və yoldan keçən maşını saxladaraq Qəbələ rayonunun Zarağan kəndinə gəldim. Qəbələ rayonunda Əlyəddindən pulunun olub-olmadığını soruşdum. Pulu olmadığını bildirdi, buna görə Əlyəddinə 50 manat verdim".

Bilal İsmayılov qeyd edib ki, həmin pulu da Qəbələ rayonunun Kürd kəndində yerləşən yeməkxanalarda xərcləyib: "Noyabrın 4-də Əlyəddin zəng edərək hal-əhval etdi. Həmin vaxt Əlyəddinə içində telefon nömrələri qeyd etdiyi cib dəftərini Ərəstunu döydüyü yerin yaxınlığında düşdüyünü, həmin dəftərin arasında 19 manat olduğunu bildirdi.

Əlyəddin həmin dəftəri tapmaq üçün ora getməyi təklif etdiyi üçün Zarağan kəndinə, sonra yol maşını ilə Oğuz rayonunun Padar kəndinə gəldik. Yol kənarındakı yeməkxanada yemək yedik, çay içəndən sonra cib dəftərini tapmaq üçün piyada Qarabulaq kəndi istiqamətində getdik. Yolla gedərkən polis əməkdaşları yaxınlaşaraq Oğuz rayon polis şöbəsinə gətirdilər".

"Məqsədim Ərəstunu kimsəsiz yerdə döymək idi"

Digər təqsirləndirilən Əlyəddin Əsədov bildirib ki, kafedə yeyib-içəndən sonra hesab üstündə mübahisələri yaranıb: "Bilal Ərəstuna pul çatmadığı üçün hesabın qalan hissəsini onun verməsini istədi. Ərəstun isə masaya qonaq çağırıldığı üçün hesabın bizim ödəməli olduğumuzu bildirdi. Yekunda 15 manat hesabı Ərəstun və Bilal ödədi. Lakin hansının nə qədər pul verdiyini bilməmişəm.

Bu söhbətə görə Ərəstun məni təhqir etdiyi üçün mübahisəni aydınlaşdırmaq üçün Oğuz rayonunun Astarxanovka kəndinə getməyi təklif etdim. Onun pulunu orada ödəyəcəyimi bildirdim. Ərəstun da mənimlə razılaşdı. Lakin məqsədim Ərəstunu heç kim olmayan yerdə döymək idi. Maşınla Oğuzun Padar kəndindən keçərək Qarabulaq kəndi istiqamətində gedərkən əkin sahəsi olan ərazidə avtomobili saxlatdım və bizi başqa şəxsin qarşılayacağını bildirdim.

Taksi geri qayıtdıqdan sonra yumruqla Ərəstunun sifətindən vurdum. Ərəstun zərbənin təsirindən yerə yıxıldı. Yerdə də 2-3 dəfə yumruqla vuraraq əkin sahələri tərəfə qaçmağa başladım. Oradan uzaqlaşdıqdan 3-4 dəqiqə sonra Bilal gələrək çatdı. Yola çıxaraq avtomobil saxlatdırdıq, Qəbələ rayonunun Zarağan kəndinə gəldim".

Zərərçəkmiş Ərəstun Mikayılov bildirib ki, hadisə baş verən günü yol kənarında olan kafeyə gələrək orada yemək üçün piti sifariş verib. Bu vaxt Əlyəddin onu özləri oturan stola çağırıb. Yeyib-içəndən sonra hesab 15 manat tutub, hesabın 10 manatını özü, 5 manatını isə Əlyəddin ödəyib.

O, daha sonra döyülməsindən, Əlyəddingil tərəfindən 170 manatının, mobil telefonunu əlindən alınmasından danışıb. Qeyd edib ki, möhkəm döyüldüyü üçün xəstəxanada müalicə alıb.

Tərəfləri dinləyən hakim heyəti sonda qərar qərar elan edib. Qərara görə, təqsirləndirilən Bilal Əliyevin apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif: