11 Noyabr 2015 16:43
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Nəsimi rayon Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Samir Əliyevin barəsində seçilmiş həbs qəti imkan tədbirinin vaxtının növbəti dəfə uzadılması ilə bağlı təqdimata baxılıb.

Teleqraf.com xəbər verir ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə müstəntiqin təqdimatı təmin edilib və təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qəti imkan tədbirinin vaxtı daha 3 ay uzadılıb.

Həbs qərarının növbəti dəfə uzadılmasına etiraz edən təqsirləndirilən Samir Əliyev alışqanla özünü yandırıb. Onun intihar cəhdinin qarşısı alınıb.

Samir Əliyevin vəkili Ceyhun Yusifov Teleqraf.com-a bildirib ki, müdafiə etdiyi şəxsin intihara cəhd etməsi istintaqın düzgün aparılmaması ilə bağlı olub: “Samir Əliyev bildirdi ki, günahsız yerə mühakimə olunur və onunla bağlı heç bir istintaq tədbirləri aparılmır. Samir Əliyev bildirdi ki, 4 aydır həbsdə saxlanılır, barəsində heç bir istintaq hərəkətləri aparılmır”.

Qeyd edək ki, bu il iyulun 6-da gecə saat 01.30 radələrində Bakı - Quba yolunun 55-ci kilometrliyində yandırılmış qadın meyidi tapılıb. Öldürülən qadının Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyeva olduğu müəyyən edilib.

34 yaşlı Natəvan Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib. Qətldən bir neçə gün əvvəl – iyunun 25-dən 26-na keçən gecə onun itkin düşməsi barədə yaxınları tərəfindən Xətai Rayon Polis İdarəsinə ərizə daxil olubmuş. Meyit tapılandan bir neçə gün sonra Natəvan Əliyevanın keçmiş həyat yoldaşı Samir Əliyev şübhəli şəxs kimi saxlanılaraq istintaqa cəlb olunub. Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində 4 aylıq həbs qərarı çıxarılıb.

Hacı Zeynalov


Müəllif: