16 Noyabr 2015 19:26
3 512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaradağ rayon sakini, 1984-cü il təvəllüdlü Zaur Tərlanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.  

 

İttihama görə, bu il yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov yol kənarında dayanmış "Lexus" markalı avtomobilin içərisində oturmuş həmin qəsəbənin sakinləri – 1980-ci il təvəllüdlü Cahid Rəhimov və onun qardaşı, 1985-ci il təvəllüdlü Cavidə "Vinçester" markalı odlu silahdan bir neçə atəş açıb. Buna Zaurla onların arasında mübahisə yaranması səbəb olub.


Hadisə nəticəsində Rəhimov qardaşları ölüb. Cinayəti törədən Zaur hadisə yerindən qaçıb.  Səhəri gün Qaradağ Rayon Polis İdarəsinin 38-ci bölməsinin əməkdaşları Zaur Tərlanov yaxalayıblar     


İlkin dindirmə zamanı o, cinayəti qısqanclıq zəminində törətdiyini bildirib. Zaur Tərlanovun qeyri-rəsmi yaşadığı Xanım Aslanova həm də mərhum Cavidlə münasibətdə olub. Cinayət də bu məsələ üstündə baş verib.  


Zaur Tərlanov Qaradağ rayonunda fəaliyyət göstərən "Bank Standard"ın əməkdaşı olub.  


"Qatilin evinə od vurardım" 


Teleqraf.com xəbər verir ki, bu gün proses başlamazdan əvvəl mərhum qardaşların anası Niyar Rəhimova təqsirləndirilən şəxsin vəkili Mehman Əliyevin ünvanına ittihamlar səsləndirib. Niyar Rəhimova bildirib ki, öldürülən övladlarının qanını tələb edir: "Mən bu qanı yerdə qoyan deyiləm. Bura 100 vəkil gətirsələr də, bu işin axırına kimi gedəcəm. Mənim iki övladım ölüb, oğlullarımın qatili də ölməlidir. Bu insanlarda abır-həya olsaydı, məhkəməyə gəlməzdilər. İndi burada mənimlə döyüşürlər. Gərək oğlumun qatilin evinə od vurardım". 


"Zaur Cavidi vurduğunu dedi" 


Daha sonra hakim heyəti məhkəmə zalına gəliblər. Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Emin Verdiyev ifadə verib. O, bildirib ki, həm təqsirləndirilən şəxs Zaur Tərlanovu, həm də mərhum Cavid Rəhimovu tanıyıb. Onun sözlərinə görə. Zaur Tərlanov ilə eyni məhəllədə yaşayıblar: "Qətl hadisəsindən bir neçə ay əvvəl, yəni 2014-cü ilin sentyabrında Cavid ilə Zaur arasında mübahisə baş verdiyini eşitdim. Bunun səbəbi isə Cavidin Zaur Tərlanovun həyat yoldaşına SMS göndərməsi olub. Buna görə də Mahir, Nihad və Elman ilə birlikdə Zaurla Cavidin mübahisə etdiyi yerə yollandıq. Ora çatanda Zaur bizi qarşıladı. Zaur avtomobil qəzasına düşdüyünü, sonra isə Cavid ilə mübahisə etdiyini, əli ağrıdığı üçün bıçaqla Cavidi vurduğunu dedi. Amma mən onların mübahisəsini, Zaurun Cavidi vurmasının şahidi olmamışam. Biz onları aralaşdırdıq. Bu zaman Cavid Zaurun ünvanına nalayiq ifadələr işlətdi".


Şahidin sözlərinə görə, baş verən bu hadisənin səhəri günü Zaurun babası rəhmətə getdiyi üçün Ağsu rayonuna gedib: "Həmin gün Cavid ilə Cahid məni qəbristanlığa apardılar. Onlar Zaurun harada olduğunu soruşdular. Zaurun yerini bildirməyəcəyim halda məni öldürəcəklərini və burada da basdıracaqlarını bildirdilər. Mən Zaurun harada  olduğunu bilmədyimi dedim. Bu zaman onlar məni döydülər". 


Emin Verdiyev ifadəsində həmçinin bildirib ki, bu ilin yanvarın 23-də Zaur Tərlanovun Cahid və Cavid qardaşlarını öldürdüyünü eşidib. O, bu hadisənin baş verməsinin şahidi olmadığını bildirib. Digər şahid Nihad Hacıyev də Emin Verdiyevin ifadəsinə uyğun danışıb. 


"Cavidin Zaurun evinə gəlməsindən şübhləndim"


Şahid Elşad Abdullayev bildirib ki, Zaur Tərlanov ilə eyni blokda yaşayıblar: "Zaur evdə olmadığı gün Cavid bizim bloka girdi. Təxminən gecə saat 1 radələri idi. Amma geri qayıtmadı. Səhərə qədər gözlədim, səhər saat 6-da Cavid blokdan çıxdı. Ondan soruşdum ki, burada nə iş görürsən. Bildirdi ki, pul məsələsi ilə bağlı kiminləsə görüşüb. Onun kiminlə görüşdüyünü bilmədim, amma bildirdi ki, həmin şəxs bank işçisi olub. Həmin blokda Zaurdan başqa bank işçisi olmayıb. Buna görə də Cavidin Zaurun evinə gəlməsindən şübhləndim".


Daha sonra Zaur Tərlanovun qeyri-rəsmi yaşadığı Xanım Aslanovanın qardaşı Samir Aslanov şahid qismində ifadə verməsi üçün zala dəvət edilib. Bu zaman Zaur Tərlanovun vəkili Mehman Əliyev bildirib ki, şahid iş üzrə adı keçən Xanım Aslanovanın doğma qardaşıdır. Vəkil şahidin qapalı prosesdə ifadə verməsi barədə vəsatət versə də, hakimlər prosesin qapalı keçirilməsi üçün heç bir əsas görməyiblər. 


Samir Aslanov ifadəsində bildirib ki, 2014-cü ilin sentyabrında Cavid Rəhimov maşını ilə onun qabağını kəsib: "Cavid mənimlə söhbəti olduğunu bildirdi. Dedi ki, onun maşınına minim. Mən də bildirdim ki, sözün varsa, gəl, mənim maşınımda əyləş danışaq. Sonra Cavid mənim maşınıma mindi. Bu zaman Cavid Zaur Tərlanovun arxasınca danışdı, bildirdi ki, o, sizin üzünüzə gülür. Bu zaman Cavidin məqsədini dəqiq bilməsəm də, o, mənə Zaur Tərlanovu öldürməyi təklif etdi. Bildirdi ki, Zauru beşbarmaqla öldürüm. Onu da dedi ki, əgər beşbarmaq yoxumdusa, o mənə verə bilər. Həmin vaxt Cavid mənə hədə-qorxu da gəlməyə başladı".


O, daha sonra ifadəsində bildirib ki, bacısı Xanım Aslanova ali təhsili olub və Zaur Tərlanov ilə bankda işlədiyi dövrdə tanış olub. Onun sözlərinə görə, bacısının atası, anası ilə də münasibətləri yaxşı olub. O, qeyd edib ki, bununla bağlı aralarında heç bir problem olmayıb. 
Məhkəmə iclası noyabrın 23-də davam edəcək.


Hacı Zeynalov


Müəllif: