17 Noyabr 2015 15:33
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirli bilinən Fərhad Nəcəfov və oğlu Cahangir Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, Bakı Baş Gömrük İdarəsinin Poçt göndərişlərinə nəzarət bölməsində poçt göndərişlərinə “Rapiscan” markalı rentgen aparatı vasitəsilə gömrük nəzarəti həyata keçirilib. Bu zaman Kanadadan daxil olmuş iki ədəd poçt bağlaması şübhə doğurduğu üçün saxlanılıb və gömrük yoxlaması zamanı bağlamanın birindən 2 kiloqram 15 qram, digər bağlamadan isə 2 kiloqram 300 qram olmaqla, cəmi 4 kiloqram 315 qram bitki mənşəli, tünd yaşıl rəngli, kəskin qoxuya malik maddə aşkar olunub.

Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən həmin maddələrin kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana olduğu müəyyən edilib. Araşdırmalar zamanı həmin bu narkotik maddənin Cahangir Nəcəfov və Fərhad Nəcəfova adına göndərildiyi bilinib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz narkotik maddənin dövriyyəsi), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham edilirlər.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Şahid qismində dindirilən Gülnarə Şirinova turizm sahəsində çalışdığını qeyd edib. O, ifadəsində təqsirləndirilən Cahangiri tanıdığını bildirib: “Cahangir bacımın yoldaşının dostudur. Onunla tanışlığımız olub və evlərinə getmişəm. Onunla münasibətimiz yaxşı olub. Narkotik maddə görməmişəm, istifadə edib-etməməsindən də xəbərim yoxdur”.

Bundan sonra məhkəmədə Mərkəzi Poçtun əməkdaşları ifadə verib. Onlar ifadələrində bildiriblər ki, Kanadan gələn bağlamalardan şübhələniblər. Araşdırma zamanı hal şahidlərinin iştirakı ilə paltarlara bükülmüş vəziyyətdə narkotik maddə aşkarlayıblar.

Məhkəmə prosesi noyabrın 20-də davam edəcək.

Hacı Zeynalov


Müəllif: