18 Noyabr 2015 12:05
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda axtarışda olan şəxs məsuliyyətə cəlb edilib.

Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1949-cu il təvəllüdlü Müstəcəb Səfərov tutulub.

Qeyd edək ki, bu ilin fevralın 5-də özünü vəzifəli şəxs kimi təqdim edən Bakı şəhər sakini Müstəcəb Səfərovun qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Məlumata görə, istintaq zamanı Müstəcəb Səfərovun “İqtisadi Əlaqələr” Holdinqinin rəhbəri vəzifəsində işləyərkən Bakı şəhərində inşa edilmiş çoxmərtəbəli binada bir otaqlı mənzili şəhər sakininin adına rəsmiləşdirəcəyini, Quba rayonunda su və kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı tenderi “REK Holdinq”ə satacağını, habelə özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edərək Zaqatala rayonunda zəlzələdən qəzalı vəziyyətə düşmüş evlərin təmiri işini “Hüseyn-T” şirkətinə həvalə etdirəcəyini yalandan vəd edərək ümumilikdə 61 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsi müəyyən edilib.

Ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərinin mənimsəmə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq dövründə vurulmuş ziyanın əhəmiyyətli hissəsinin ödətdirilməsi təmin edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə Müstəcəb Səfərov şərti cəza alıb. Bundan sonra Müstəcəb Səfərovun həbs edilməsi üçün prokurorluq protest verib. Bakı Apelyasiya Məhkəməsi onun barəsində axtarış elan edib.

Hacı Zeynalov


Müəllif: