18 Noyabr 2015 12:56
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər prokurorluğu Qaradağ rayonunda baş verən cinayət hadisəsi ilə bağlı açıqlama yayıb.

Bakı şəhər Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, noyabrın 16-da paytaxtın Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Sədərək” ticarət mərkəzində qapıçı işləyən, əvvəllər məhkum olunmuş İsmət Bəkirov qadağan edilmiş ərazidə siqaret çəkərək yerə atıb.

Buna görə də həmin vaxt orada xidməti vəzifələrini icra edən Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Qaradağ rayon Mühafizə şöbəsinin polis nəfərləri Şaiq Ağayev və Vüqar Qəmbərov İsmət Bəkirova yaxınlaşaraq bu barədə iradlarını bildiriblər.

Bu zaman İsmət Bəkirov üstündə gəzdirdiyi bıçaqla Vüqar Qəmbərovun bel nahiyyəsindən, Şaiq Ağayevin isə qarın boşluğundan daxilə nüfuz edən xəsarətlər yetirməklə, onları qəsdən öldürməyə cəhd edib. Lakin öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib.

Zərərçəkmişlər aldıqları xəsarətlərlə bağlı Daxili İşlər Nazirliyinin Hospitalına yerləşdiriliblər.

Fakta görə Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumunu qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Cinayətin aləti olan bıçaq maddi sübut kimi götürülüb və digər zəruri istintaq tədbirləri həyata keçirilib.

İsmət Bəkirova Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Hacı Zeynalov


Müəllif: