18 Noyabr 2015 16:27
1 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı qızı oğurlayaraq zorlayandan sonra qətlə yetirməkdə təqsirli bilinən Pirallahı rayon sakini, 1983-cü il təvəllüdlü Çernov Yakovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hadisə bu il may ayında baş verib. Çernov Yakov qonşuluqda yaşayan 5 yaşlı Samirənin (ad şərti verilib) həyətdə tək oynadığını görüb. Onun yanına gələrək, Samirəyə dondurma verəcəyini vəd edərək, yaşadığı mənzilin ikinci mərtəbəsinə qaldırıb. Çernov Yakov 5 yaşlı qızla təbii və qeyri təbii yolla cinsi əlaqədə olub.

Təqsirləndirilən şəxs qonşuların həyətdə qızın səsini eşitdiyini görərək onu məftillə boğmağa başlayıb. Buna nail ola bilməyən Çernov əli ilə qızın nəfəs borusunu tutaraq onu boğub. Qatil Samirəni xalçaya bükərək, axşamın düşməsini gözləyib. Onun məqsədi qızı həyətdə basdırmaq olub. Polis əməkdaşları hadisədən şübhəli olan Çernovun evində axtarış edib.

Bu zaman qızın atası həyətdə palazın bükülmüş şəkildə görüb. Ata qızının zorakılıq əlaməti olan meyitini aşkarlayıb. Çernov Yakov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3-cü (yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ittiham olunub.

Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Yakov Çernov ömürlük azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: