19 Noyabr 2015 11:17
1 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, 2008-ci ildən “Texnikabank”ın Bakı filialının rəhbəri olmuş Zal Yusifovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il cəza alan Zal Yusifovun əmlakının müsadirə edilməsi barədə də qərar qəbul edilib. Sonradan Zal Yusifovun atası Zakir Yusifov şikayət verərək bildirib ki, əmlaklar guya oğluna yox, onun özünə məxsusdur.

Bundan əvvəl Ali Məhkəməyə şikayət edən Zakir Yusifov Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsinə, işin yenidən apelyasiya instansiyasına qaytarılmasına nail olub. Hər dəfə Bakı Apelyasiya Məhkəməsində işə baxan hakimlər həbsdə olan bankirin atasını haqsız çıxarıblar.

Amma əmlakların müsadirə olunmaması naminə inad göstərən bankir atası yenidən Ali Məhkəməyə şikayət edib. Bu günlərdə Ali Məhkəmədə hakim Akif İsgəndərovun sədrliyi ilə keçirilən prosesdə Zakir Yusifovun şikayətinə baxılıb. Zakir Yusifov növbəti dəfə Bakı Apelyasiya Məhkəməsinin 12 dekabr 2014-ci il tarixli hökmünün ləğv edilməsinə nail olub. Ali Məhkəmənin hakimləri işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul ediblər.

Zakir Yusifovun məhkəməyə etdiyi şikayətin əsassız olması apelyasiya instansiyasında dəfələrlə sübuta yetirilməsinə baxmayaraq, o, məhkəməyə üz tutur, həm də qərarı ləğv etməyə nail olur. Bu, ədalətli qərarın çıxarılmasını ləngidən amilə çevrilir. Digər tərəfdən zərərçəkmişlərə dəymiş ziyanın ödənməsi gecikir.

Ali Məhkəmənin çıxardığı son qərara tanınmış hüquqşünasların münasibətini təqdim edirik.

Müstəqil fəaliyyət göstərən vəkil İradə Cavadova deyir ki, əmlak müsadirəsi ilə bağlı məhkəmə hərtərəfli araşdırma aparmalıdır: “Məhkəmələr əmlak müsadirəsi ilə bağlı qərar qəbul edəndə tərəddüd edirlər. Çünki əmlakla bağlı məsələlər mürəkkəbdir, problemlidir. Bu baxımdan ədalətin bərpası üçün məhkəmə obyektiv araşdırma aparmağa borcludur. Ali Məhkəmə son instansiyadır, bu səbəbdən əmlakla bağlı məsələni daha diqqətlə araşdırıb və qərar qəbul etməlidir.

Ortada ciddi araşdırılmayan məsələ olanda Ali Məhkəmə apelyasiya qərarını ləğv edərək, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə tövsiyələr verir. Zərərçəkmiş narazı qaldığı halda hakim barəsində Məhkəmə Hüquq Şurasına müraciət edilə bilər".

İradə Cavadovanın sözlərinə görə, Zal Yusifovun atası Zakir Yusifov evin ona məxsus olması, öz pulu ilə tikdirməsi üçün məhkəməyə sübutlar təqdim etməli, həmçinin şahidlər gətirməldir: “Bu zaman böyük yük şikayətçinin üzərinə düşür ki, əmlakın ona məxsusluğunu sübut etsin. Əgər mülkün onun oğlunun bankdan mənimsədiyi pulla tikilmədiyi sübuta yetirilsə, məhkəmə müvafiq qərar verə bilər.

Əmlakın müsadirə olunub-olunmaması üçün şübhəli məqamları isə araşdırmaq məhkəmənin üzərinə düşür. Bəzi hallarda məhkəmə araşdırma aparmadan qərarı ləğv edərək geri qaytarır, bu isə düzgün deyil. Çünki Ali Məhkəmə əsas fakt araşdırılmadığı halda qərarı ləğv edərək işi apelyasiya instansiyasına qaytara bilir. Bəzən etibarnamənin verilməsinin vaxtı bitdiyi halda işə baxılır, bəzən də tərəflərin iştirakı olmadan qərar qəbul olunur".

Hüquqşünas həmçinin bildirib ki, məhkəmə tərəfindən 81 nəfərin pulunun mənimsənildiyi dövrdə həmin mülklərin tikilməsi sübuta yetirilməlidir və bundan sonra qərar qəbul edilə bilər: “Belə fakt məhkəmə tərəfindən sübuta yetirilsə, həmin vaxt mülk atanın, həyat yoldaşının və yaxud ailənin digər üzvünün adına olmasına baxmayaraq müsadirə qanuni hesab edilir. Çünki burada mülk sahibi həmin dövrdə evin oğlu tərəfindən yox, özü tərəfindən tikilməsini sübut edəcək faktı məhkəməyə təqdim etməlidir. Əgər belə bir faktı məhkəməyə təqdim edilməsə şikayətçi haqsız duruma düşür. O, haqsız olduğu halda məhkəmənin aldatması, işi başqa səmtə yönəltməsi, işin gedişinin uzadılması, həmçinin məhkəməni süründürməcliyə gətirməsi faktı ortaya çıxır. Belədə şikayətçi məsuliyyət daşıyır. Yəni şikayətçi barəsində bilə-bilə yalan məlumat vermə ilə bağlı cinayət işi başlana bilər. Məhkəməni aldatmaq düzgün deyil”.

Hüquqi Düşüncə İctimai Birliyinin sədri Samir İsayevin sözlərinə görə, iş üzrə araşdırma aparmaq üçün faktların ortaya çıxması səbəbindən Ali Məhkəmə qərar verə bilər: “Ali Məhkəmə həmin faktların dairəsini öz qərarında göstərməlidir. Qərarda qeyd olunmalıdır ki, apelyasiya məhkəməsi filan-filan məsələlərə qiymət verməlidir. Apelyasiya instansiyasında da həmin məsələlər hakim tərəfindən araşdırılmalı, müşavirə otağında qiymət verməlidir”.

Samir İsayev onu da əlavə edib ki, məhkəməni aldatmaq, yalan ifadə vermək cinayət məsuliyyəti daşıyır: “Müəyyən edilsə ki, şikayətçi yalan ifadə verir, məhkəməni aldadır. Buna görə cinayət məsuliyyətinə cəlb edilir və həmin şəxsi 5 ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, “Texnikabank” Bakı filialının sabiq rəhbəri Zal Yusifov digər şəxslərlə birlikdə cinayət əməli törədib. 81 müştərinin banka qoyduğu təxminən 38 milyon manat pulu mənimsəyib. O, mütəşəkkil dəstə yaradaraq vətəndaşların pulunu yeyib. 15 nəfərlik dəstə üzvləri müxtəlif müddətlərdə cəzalandırılıb. Məhkəmə sübuta yetirib ki, Zal Yusifov cinayətkar əməlinə oğlu İslam Yusifovu da cəlb edib. Buna görə də məhkəmə İslam Yusifovun da barəsində ittiham hökmü çıxarıb.

Hacı Zeynalov


Müəllif: