20 Noyabr 2015 15:08
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

İttiham olunan şəxsin cəzası 10 ilədək artırıldı

Şəki şəhər sakini, 1965-ci il təvəllüdlü Vüqar Əlizadə vətəndaşların pulunu mənimsəməklə dələduzluq edib. Həbs olunana kimi Şəki şəhərində daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçiliklə məşğul olub. Bu yolla da pul "qazanmağa" çalışıb.

Məlumat üçün bildirək ki, Vüqar Əlizadəni bundan əvvəl də - 2012-ci ildə dələduzluq üstə Şəki Rayon Məhkəməsi məhkum edib. Həmin vaxt o, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü (təkrar, xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham olunub. Şəki Rayon Məhkəməsi ona 4 il iş kəsib.

Həbsxanada olarkən şikayəti əsasında barəsində yenidən istintaq hərəkətləri aparılıb. İstintaq orqanı növbəti dəfə Vüqar Əlizadəni Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham edib.

İttihama görə, Rəcəb Quluzadə torpaq sahəsi almaq məqsədilə Şəki şəhərində daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçiliklə məşğul olan Vüqar Əlizadəyə müraciət edib. Vüqar Rəcəb Quluzadənin nağd pul vəsaitinin olduğunu bilib və onu ələ keçirmək qərarına gəlib. Buna görə də 10 fevral 2004-cü il tarixdə özü ilə Rəcəb Quluzadəni Şəki şəhərindəki "Üç güyüm" adlanan dairəvi yolun yaxınlığında yerləşən əraziyə gətirib. Vüqar həmin ərazidə olan 0,06 hektar torpaq sahəsini Rəcəb Quluzadəyə göstərib və guya həmin torpaq sahəsinin ona satılmasını təşkil edəcəyi barədə yalan vəd verib. Vüqar Əlizadə bu səbəbdən Rəcəb Quluzadədən beh adı ilə 394 manat alıb.

Bir neçə gün sonra Rəcəb Quluzadənin yaşadığı Şəki şəhəri, Salman Mümtaz küçəsi, 17 ünvanında yerləşən fərdi yaşayış evinə gəlib. O, guya təcili satılan və 20 min dollar dəyərində olan fərdi yaşayış evini onun üçün 5000 dollara alacağı barədə yalan vəd verib. Həmin vaxt ondan 4600 dollar alıb.

Vüqar Əlizadənin növbəti "qurbanı" Zemfira Məhərrəmova olub. O, Zemfiraya məxsus fərdi yaşayış evinin satılmasını təşkil edərək həmin şəxsin inamını qazanıb.

Daha sonra onun kirayə yaşadığı evə gəlib və biznes fəaliyyəti ilə məşğul olmadığı halda, ona guya öz şəxsi biznesində istifadə etməsi üçün pula ehtiyacı olduğunu bildirib. Vüqar Əlizadə aldığı pulu qısa müddət ərzində qaytaracağı barədə yalan vəd verib və ondan 2 min dollar alıb.

Daha sonra Zemfira Məhərrəmovanın ev almaq niyyətində olduğunu bilib. 2007-ci ilin noyabr ayı ərzində ayrı-ayrı vaxtlarda bir neçə dəfəyə guya almasını təşkil etdiyi yaşayış evinin satıcısına çatdıracağı barədə yalan vədlər verib. O, Zemfiranı aldadaraq növbəti dəfə 1500 dollarını alıb.

Bundan başqa, Vüqar Əlizadə tanışı Təyyar Həsənovun mülkiyyətində olan, Şəki şəhəri, M.Əzizbəyov küçəsi, 49 ünvanında yerləşən fərdi yaşayış evinə dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmasını təşkil edəcəyini vəd edib. O, fərdi yaşayış evi üzərində sərəncam verməyə icazə verən, notarius tərəfindən təsdiq edilmiş 11 oktyabr 2007-ci il tarixli etibarnamədən istifadə edərək, həmin fərdi yaşayış evini Təyyar Həsənovun məlumatı olmadan "KredAgro" Qeyri-Bank Kredit Təşkilatı adlanan "KredAgro" BOKT Qapalı Səhmdar Cəmiyyətinə girov qoyub və 35 min manat məbləğində kredit götürmək məqsədini həyata keçirmək istəyib.

Həmin ünvanda Təyyar Həsənov, İlahə Həsənova, İlkin Qurbanzadə, Şəhanə Qurbanzadə, Aybəniz Qurbanzadə və Rafiq Səmədovun qeydiyyatda olduqlarını bildiyi halda, guya yalnız Təyyar Həsənovun qeydiyyatda olması barədə ev sahibinin məlumatı olmadan Şəki Şəhər İcra Hakimiyyətinin "Gəncəli" məhəllə nümayəndəsindən rəsmi sənəd olan saxta arayış alıb. O, öz cinayətkar niyyətini həyata keçirməsi üçün Təyyar Həsənova və onun həyat yoldaşı İlahə Həsənovaya qeyd edilən çıxarışı ala bilməsi üçün yalan məlumat verib. O, bildirib ki, guya bununla bağlı İlahə Həsənova notarial qaydada təsdiq edilmiş ərizə verməlidir.

Vüqar Əlizadə bu adla həmin şəxsləri aldadaraq özü ilə Şəki şəhərində yerləşən notariat kontoruna gətirib. Həmin notariat kontorunda İlahə Həsənovaya mahiyyətini dərk etmədən fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə və girov qoyulmasına etirazının olmaması barədə ərizə yazaraq imzaladıb.

Bundan sonra Vüqar Əlizadə Təyyar Həsənovun razılığı olmadan Şəki şəhəri, M.Əzizbəyov küçəsi, 49 nömrəli ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi "KredAgro" Bank Olmayan Kredit Təşkilatı QSC-yə girov qoyub. Bununla da o, kredit müqaviləsi əsasında qeyd edilən kredit təşkilatından 35 min manat məbləğində kredit alıb.

Vüqar Əlizadə həmin pul vəsaitini ələ keçirib, götürdüyü krediti ödəməməklə həm Təyyar Həsənova, həm də "KredAgro" Bank Olmayan Kredit Təşkilatı QSC-yə külli miqdarda ziyan vurub.

Vüqar Əlizadənin növbəti dələduzluq planı 2008-ci ilin avqust ayında olub. O, Namiq Əzimovun əmlakını qanunsuz ələ keçirmək qərarına gəlib. Namiq Əzizovla birgə makler fəaliyyəti ilə məşğul olduqlarından aralarında yaranmış etibardan sui-istifadə edib. Namiq Əzizova guya qısa müddət ərzində qaytaracağı barədə yalan vədlər verməklə ayrı-ayrı vaxtlarda ümumilikdə 9800 dollar alıb.

Vüqar Əlizadə dələduzluq planlarına iki il ara verib. İki il sonra növbəti dələduzluq planını 2011-ci ilin noyabr ayında həyata keçirib. Vüqar Əlizadənin dələduzluq planının qurbanı yenə Zemfira Məhərrəmova olub. O, Zemfiraya guya Şəki şəhərində ev tapdığını bildirib. Həmin evi Zemfiranın adına rəsmiləşdirmək adı ilə xərclik üçün 200 manatlıq qızıl üzüyünü və 70 manatını alıb.

Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarıldığını bilib. Buna görə də planlarını yarımçıq saxlayaraq gizlənməyə məcbur olub.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Əlizadə 9 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək Vüqar Əlizadənin cəzasının ağırlaşdırılmasını istəyib.

Həmçinin Vüqar Əlizadə də apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib. Hər iki tərəfin şikayəti baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən Vüqar Əlizadə bildirib ki, 2000-ci illərdən makler fəaliyyəti ilə məşğul olub: "Həmin vaxtlarda Rəcəb Quluzadə ev tikmək üçün həyətyanı torpaq sahəsi axtararkən makler kimi mənə müraciət edib. Rəcəbi özümlə Şəki şəhərinin "Üç güyüm" adlanan dairəvi yolundan təxminən 300-400 metr aşağıda yerləşən əraziyə gətirərək satlıq torpaq sahəsi göstərdim. Həmin torpağın ərazisi 6 sot idi, torpaq sahəsinin içərisində 3 otağının bünövrəsi qalxmış yarımçıq tikili də vardı.

Torpaq sahəsi Rəcəbin xoşuna gəldi və almaq istədiyini bildirdi. Torpağın qiymətini 600 dollara razılaşdım, həmin şəxsdən 200 dollar beh aldım. Lakin hazırda uzun müddət keçməsi ilə bağlı xatırlamadığımdan adını bilmədiyim torpaq sahibi torpağı öz adına sənədləşdirə bilmədi. Buna görə də oranı Rəcəbə sata bilmədim".

Vüqar Əlizadə ifadəsində Təyyar Həsənovun evini girov qoymaqla bankdan götürdüyü 35 min manatı mənimsədiyini etiraf etməyib. O, bildirib ki, bankdan götürülən pulu Təyyarın atası Qurbana verib. Onun sözlərinə görə, Qurban da oğlu Təyyarla birlikdə heyvandarlıq təsərrüfatı ilə məşğul olub: "Bankdan götürdüyüm 35 min manatı Təyyarın yanında sayaraq Qurbana verdim. Qurban da çəkdiyim əziyyətə görə mənə 1000 dollar bağışladı. Həmin pulun hamısını filial müdiri ilə bölüşdürməsi üçün kredit verən mütəxəssis Zaura qaytardım. Özümün isə bu məsələdən heç bir qazancım olmayıb".

Vüqar Əlizadə ifadəsində Namiq Əzimovdan və Zemfira Məhərrəmovadan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul almasını təsdiq edib. O, hər iki şəxsdən aldığı pulları geri qaytardığını bildirib.

Hakim heyəti tərəfləri dinləyəndən sonra yekun qərarı açıqlayıb. Qərara görə, prokurorluğun protesti təmin edilib və Vüqar Əlizadənin cəzası 10 ilə qədər artırılıb.

Hacı Zeynalov


Müəllif: