Piyadanı öldürərək hadisə yerindən qaçan sürücünün cəzası yüngülləşdirildi
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Qusar rayon sakini, 1960-cı il təvəllüdlü Çigəli Mamaliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Çigəli Mamaliyev 14 dekabr 2014-cü il tarixdə, saat 04.15-də idarə etdiyi “UAZ- 31512-01" markalı avtomobillə, Bakı-Quba-Dağıstan sərhədi yolunun Qusar rayonu Avaran qışlaq kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi törədib. O, idarə etdiyi avtomobillə yolun hərəkət hissəsində dayanmış piyada Yaşar Cabbarovu vuraraq hadisə yerindən qaçıb. Nəticədə Yaşar Cabbarov aldığı xəsarətdən hadisə yerində ölüb.
Çigəli Mamaliyev Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham edilib. Qusar Rayon Məhkəməsinin hökmü ilə Çigəli Mamaliyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Çigəli Mamaliyevin vəkili Azad Vəliyev apelyasiya şikayəti verib. Vəkil şikayətində göstərib ki, hüquqlarını müdafiə etdiyi təqsirləndirilən Çigəli Mamaliyevin Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsinin, törətdiyi əməlin ehtiyatsızlıq cinayəti olmasının, ailə başçısı olaraq müsbət xarakterizə olunmasının nəzərə alınmasını istəyib.
Vəkil həmin maddə ilə müdafiə etdiyi şəxsə daha yüngül cəzanın verilməsini xahiş edib. Müdafiəçi həmçinin Çigəli Mamaliyevin ittiham olunduğu Cinayət Məcəllənin 264-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə bəraət hökmü çıxarılmasını istəyib. Vəkilin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Hüseyn Nəbiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Məhkəmədə ifadə verən Çigəli Mamaliyev bildirib ki, baş etibarnamə əsasında idarə etdiyi “UAZ-315112-01" markalı avtomobillə meyvə-tərəvəz alveri ilə məşğul olub. Onun sözlərinə görə, arada xırda yüklər olduqda həmin avtomobillə daşıyıb: ”Həmin avtomobil atama məxsus olub. Sürdüyüm avtomobili vaxtaşırı yoxlamışam, vurulmuş yeri olmayıb və saz vəziyyətdədir".
Təqsirləndirilən şəxsin sözlərinə görə, dekabrın 13-də qonşuluqda yaşayan Heydər Bədəlov onun mobil telefonuna zəng edib və avtomobili xarab olduğundan gecə onunla birlikdə Quba rayonu Mirzəqışlaq kəndinə gedərək, orada heyvan kəsib və həmin heyvanın ətini Quba şəhər bazarına gətirmək lazım olduğunu bildirib: “Həmin gün Qusar rayonu Sudur kəndinə gedib-gəldiyimi, yorğun və yuxusuz olduğumu Heydərə bildirərək gedə bilməyəcəyimi dedim. Bundan təxminən iki saat sonra Heydər yenidən yaşadığım evə gəldi. Həmin vaxt Heydərin əlində heyvan kəsmək üçün bıçaqlar, əti bölmək üçün sellofan paket və asılqanlar var idi. Bu zaman Heydər heyvanı alacağı şəxslərlə razılaşdığını, mütləq Mirzəqışlaq kəndinə gedərək əti gətirmək lazım olduğunu bildirdi. Onunla Mirzəqışlaq kəndinə getməyimi xahiş etdi. Bir daha Heydərə yorğun və yuxusuz olduğumu, avtomobillə onu apara bilməyəcəyimi dedim. Heydər isə buna baxmayaraq gecə saat 2-3 radələrində zəng edəcəyini söylədi. Bu zaman Heydərlə razılaşdım və onun gətirdiyi əşyaları avtomobilimə qoydum”.
Çigəli Mamaliyevin sözlərinə görə, gecə saat 03.00 Heydər onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edib: “Heydər zəng edəndən sonra idarə etdiyim avtomobillə onun həyətinə getdim. Onunla birlikdə Quba rayonu Mirzəqışlaq kəndi istiqamətində yola düşdük. Həmin vaxt Heydər bildirdi ki, ilk olaraq Qusar rayonu Kuzun-qışlaq kəndinə gedərək oradan heyvan kəsən Qasım Azayevi götürməli, daha sonra Quba rayonu Mirzəqışlaq kəndinə getməliyik. Buna görə də Bakı-Quba-Dağıstan yoluna çıxaraq Qusar rayonu Kuzun-qışlaq kəndinə yola düşdük”.
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt hava çiskin və dumanlı olub: “Bu səbəbdən də yolu çox çətinliklə gördüyümdən avtomobili 50 km/saat sürətlə idarə etdim. Qusar rayonu Avaran- qışlaq kəndi ərazisinə çatmağa az qalmış isə havadakı duman daha da artdı və 6-7 metr məsafədən uzağı görmək mümkün olmadı. Bu səbəbdən də idarə etdiyim avtomobilin sürətini 30-40 km/saata kimi azaltdım. Avtomobilin yaxın işıqları ilə hərəkətini davam etdirdim. Saat 04.15-də hərəkətdə olarkən yolun Dağıstan sərhədi istiqamətində olan hərəkət zolağının sağ kənarından yolun ortasına doğru təxminən 4-6 metr məsafədə güclə seçilən qara rəngli maneənin olduğunu gördüm. Həmin maneəni gördükdə artıq onu vurmamaq üçün heç nə etməyə macal tapmadım. Yalnız ayağımı qazdan çəkdim. Lakin maneəni vurmağın qarşısını ala bilmədim. Avtomobilin sağ tərəfi həmin maneəyə hiss olunmaz formada yavaş toxundu, toxunma cüzi hiss olundu. Bu zaman hündürdən Heydərə dedim ki, nəyəsə dəydim, deyəsən adam idi. Heydər dedi ki, avtomobillə vurduğumuz adam olmaz, kötük olar. Dəydiyim maneənin it, hər hansı başqa heyvan və ya kötük olduğunu düşündüm. Bu səbəbdən idarə etdiyim avtomobili hadisə yerində saxlamayaraq getdim”.
Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərib ki, Mirzəqışlaq kəndində heyvanı kəsiblər və sonra əti Quba şəhər bazarına gətiriblər. O, qeyd edib ki, əti bazarda boşaldandan sonra evinə qayıdıb: “Evdə həyat yoldaşım Telliyə gecə vaxtı avtomobillə yolda nəyəsə toxunduğumu, ya iti vurduğumu, ya da ağac kötüyə dəydiyimi dedim. Hadisədən sonra istər Kuzun-qışlaq kəndində, istər Mirzəqışlaq kəndində, istər Quba şəhər bazarında və istərsə də öz yaşadığım evdə olarkən idarə etdiyim avtomobilə baxmamışam. Nəyəsə toxunaraq avtomobilin hər hansı hissəsinin əzilib-əzilməməsini özüm də bilməmişəm. Bundan bir-neçə gün sonra Qusar Rayon Polis Şöbəsinin əməkdaşları məni şöbəyə dəvət etdilər. Həmin zaman məlum oldu ki, dekabrın 14-də avtomobillə yolda vurduğum it, hər hansı başqa heyvan və ya kötük deyil, Yaşar adlı piyada olub”.
Apelyasiya şikayəti üzrə araşdırma aparan hakim heyəti sonda qərar elan edib. Qərara görə, Çigəli Mamaliyevin cəzası 4 il 6 aya qədər endirilib.
Hacı Zeynalov